AZ

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bürünc medal görüşünə çıxacaq

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı davam edir.

Day.Az xəbər verir ki, Trend-in məlumatına görə, həm qadın, həm də sərbəst güləş üzrə Azərbaycan millisinin üzvləri yarışlarda çıxış ediblər.

Qadın güləşçilər arasında Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabı ilə uduzub.

Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı Viktoriya Boynovanı 8:1 hesabı ilə məğlub edib. Daha sonra o, moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuşla) qalib gələrək yarımfinala yüksəlib. Yaponiyalı Ruka Natamiylə qarşılaşmada Qurbanova son saniyələrdə qələbəni əldən verib - 1:3. O, sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kq) isə təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya "tuş"la məğlub olub.

Sərbəst güləş üzrə yarışlarda Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisi 10:0 hesabı ilə məğlub edib. Ardınca ermənistanlı Qriqor Çolakyana (14:5) və Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə (7:3) qalib gələn Xaniyev yarımfinala adlayıb. Lakin türkiyəli Muhammed Özmuşa 3:7 hesabı ilə uduzaraq finalın bir addımlığında dayanı­b. Xaniyev sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi 10:0 hesabı ilə məğlub etsə də, 1/8 finalda iranlı Mohammadmobin Azimiyə 0:8 hesabı ilə uduzub. O da sabah təsəlliverici görüşdə xalçaya çıxacaq.

Seçilən
26
18
day.az

10Mənbələr