ABŞ-ın Rusiyanın “Rosneft” və “Lukoil” neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb. Hindistanın neft emalı zavodları ilin sonuna kimi Rusiyadan neft idxalını kəskin şəkildə azaldacaqlar.
Publika.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Hindistanın ən böyük “Reilance Industries” şirkəti Rusiyadan neft almağı tamamilə dayandırmağı planlaşdırıb.
Rusiya neft istehsalının 40 faizi “Rosneft”in, 15 faizi isə “Lukoil”in üzərinə düşdüyü üçün sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Sanksiyalar adı yuxarıda göstərilən şirkətlərin 34 törəmə şirkətinə də şamil edilib ki, bu da istehsal ilə yanaşı neftin nəqlini, barterini və satışını da məhdudlaşdırıb.
“The Guardian” yazır ki, ABŞ-ın Rusiyanın iki neft nəhənginə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bp və “Shell” şirkətlərinin səhmlərinin qiyməti 3 faiz artıb. Həmin şirkətlər dünya bazarına çıxarılan neftin həcmini artıraraq, Rusiya şirkətlərinin bazardakı payını əldə edəcəklər. Bu isə qiymətin sabit qalacağını deməyə əsas verir.
Rusiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə Universitetinin eksperti İqor Uşakov bildirib ki, Asiyanın iri neft idxalçıları sanksiyalardan ehtiyat edərək bu ölkədən neft ala bilməyəcəklər. Ona görə də Rusiya neft satmaq üçün daha çətin yollar və sxemlər axtarıb tapmalıdır. Onun fikrincə sanksiyalardan sonra şimal qonşumuzun neft ixracatçılarının gəlirləri kəskin şəkildə azalacaq.
 
                        