Tranzit məhdudiyyətinin aradan qaldırılması real sülhün nəticəsidir
Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Qazaxıstandan Ermənistana göndərilən taxıl yükü isə ilk tranzit olub. Bu, Azərbaycan-Ermənistan arasında sülhün artıq real nəticəsidir, danışıqlardan, kağız üzərində razılaşmalardan real addımlara keçidin bir nümunəsidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan bütün dövrlərdə sülhpərvər siyasət yürüdüb və tranzit yükün ölkəmizdən Ermənistana buraxılması da bunu bir daha sübut edir: "Azərbaycan sülh daşıyıcısı, beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən dünyəvi bir dövlətdir. Bunu dünyanın aparıcı dövlətlərinin rəhbərləri, tanınmış dünya siyasətçiləri dəfələrlə nüfuzlu tribunalardan səsləndiriblər. Yüklərin Ermənistana tranzit keçidinə məhdudiyyətlərin aradan qaldırılması bir daha sübut edir ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir".
A.Əsədov qeyd edib ki, məhz Prezident İlham Əliyevin düzgün siyasətinin, Vaşinqtonda əldə olunan razılaşmaların nəticəsidir ki, hələ rəsmi sülh sazişi imzalanmamış Azərbaycan ərazisindən Ermənistana tranzit keçidə şərait yaradılır. Bu, sülhün ilkin iqtisadi dividendidir ki, bunu da Ermənistan tərəfi gördü, burada da ilk addım dövlətimiz tərəfindən atıldı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən kənarda qaldığını xatırladan şöbə müdiri deyib ki, bu ölkənin xaricə yeganə çıxış yolu Gürcüstan idi ki, həmin istiqamətdə də aylarla problemlər yaşayırdı. Bu gün isə artıq daha rahat və səmərəli şəkildə yük qəbul edə bilirlər. Hər zaman olduğu kimi, yenə Azərbaycan ilk olaraq məhdudiyyətləri aradan qaldırır, Ermənistana inkişaf üçün ölkəmizin infrastrukturlarından istifadə şəraiti yaradır.
Ekspertin fikrincə, Azərbaycandan keçməklə Ermənistana gedən ilk yükün taxıl olması da özü bir rəmzi əlamət daşıyır: "Azərbaycan xalqı hər zaman qonaqpərvərliyi ilə seçilən, çörəkverən, qonşusunun, imkansızın halına acıyan, müqəddəs dəyərlərə hörmətlə yanaşan xalqdır. Əslində, ilk yükün taxıl olması da bütün bunları bir daha vurğulayır və qarşı tərəfi də sülhə, dostluğa səsləyir".
İİTKM rəsmisi bildirib ki, müasir iqtisadi tərəqqinin əsas trendlərindən biri də əlverişli nəqliyyat-tranzit imkanlarıdır. Yəni hansı ölkənin beynəlxalq bazarlara asan çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyanı intensivləşdirir və beynəlxalq arenada üstünlük qazanırlar. Bu mənada qlobal məkana çıxmaq, beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində təmsil olunmaq üçün sülh Ermənistana daha çox lazımdır.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"