AZ

Tokayev Qazaxıstan xalqını Respublika Günü münasibətilə təbrik etdi

BAKI, 25 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Respublika Günü münasibətilə ölkə vətəndaşlarını təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Prezident bildirib ki, Qazaxıstan 35 il əvvəl "Suverenlik Bəyannaməsi"ni qəbul etməklə müstəqillik yoluna qədəm qoyub və bu sənəd xalqın öz gələcəyini azad şəkildə müəyyənləşdirmək hüququnu təsbit edib:

"Bu tarixi sənəd sayəsində biz azadlıq bayrağını qaldırdıq və müasir dövlət quruculuğuna yol açdıq".

O qeyd edib ki, ötən illər ərzində ölkə çətin, lakin şərəfli bir yol keçib:

"Biz müstəqilliyimizin siyasi və iqtisadi əsaslarını möhkəmləndirdik, sərhədlərimizi müəyyən etdik, yeni paytaxtımızı inşa etdik. Ümumilli birliyi gücləndirmək və vətəndaşların rifahını artırmaq istiqamətində böyük uğurlar qazandıq. Qazaxıstan sülhsevər və balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq arenada yüksək nüfuz qazanıb. Biz milli maraqlarımıza sadiq qalaraq beynəlxalq ictimaiyyətdə hörmətli dövlətə çevrildik".

Prezident həmçinin ölkənin qarşısında duran yeni vəzifələrə diqqət çəkib:

"Biz bu gün mürəkkəb qlobal çağırışlara baxmayaraq, hər bir vətəndaşa bərabər imkanlar yaradan ədalətli Qazaxıstanı qururuq. Siyasi, iqtisadi və sosial islahatlar xalqımızın rifahını və dövlətimizin inkişafını təmin etməyə yönəlib".

Tokayev cəmiyyətdə qanunçuluq, təmizlik, vətənpərvərlik və məsuliyyət kimi dəyərlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb:

"Hər nəsil öz tarixi missiyasını daşıyır. Əcdadlarımızın vəsiyyətini unutmadan, müqəddəs müstəqilliyimizi qorumaq və inkişaf etmiş, ədalətli Qazaxıstan qurmaq hamımızın ortaq borcudur".

Seçilən
92
teleqraf.com

1Mənbələr