Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində bir nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Məlumatına görə, yaralananların sayı 10-a çatıb.
***09:50
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə ballistik raket zərbələri endirib.
BAKU.WS yerli mənbələrə istinadla verdiyi xəbərə görə, hücum nəticəsində bir neçə nəfər yaralanıb, yaşayış və qeyri-yaşayış binalarına, eləcə də avtomobillərə ciddi zərər dəyib, bir sıra ərazilərdə yanğınlar baş verib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxt meri Vitali Kliçko bildiriblər ki, hücum barədə ilk məlumat saat 04:00 radələrində daxil olub. Ukrayna Hərbi Hava Qüvvələri həmin vaxt şimal-şərq istiqamətindən ballistik raket təhlükəsi barədə xəbərdarlıq edərək Kiyev istiqamətində yüksək sürətli hədəflərin müşahidə olunduğunu açıqlayıb.
Kliçkonun sözlərinə görə, Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar yaranıb. Dnepr rayonunda isə bir sıra yaşayış binaları zədələnib, pəncərələr sınıb, avtomobillər yararsız hala düşüb, binalardan birinin həyətində böyük krater əmələ gəlib.
Daha sonra Kiyev Şəhər Hərbi Administrasiyası dəqiqləşdirib ki, hücum nəticəsində həmin ərazidə yerləşən uşaq bağçası da zərər çəkib.
Kiyev merinin son açıqlamasına əsasən, hadisə nəticəsində səkkiz nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Raket zərbələrindən sonra Ukrayna Hərbi Hava Qüvvələri ölkənin bütün ərazisində ballistik hücum təhlükəsi ilə bağlı ümumi xəbərdarlıq yayıb.