Vətən müharibəsi şəhidi Rahim Sərdarlı Füzulidən Şuşayadək döyüş yolu keçib.
Publika.az AZƏRTAC-a istinadlaxəbər verir ki, qəhrəman döyüşçü ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sərdarlı Rahim Rafik oğlu 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxır kəndində anadan olub. Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək könüllü kimi qeydiyyata alınıb. Vətən müharibəsinə sentyabrın 29-da qoşulub.
“Rahim hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərində iştirak etmişdi. Onun toyuna hazırlaşırdıq. Amma pandemiya dövrü olduğu üçün toy təxirə salınmışdı. Cəbhəyə könüllü yollandı. Qırx gün döyüşdü. Rahim mənim övladım idi. Amma şəhid olandan sonra Vətənin övladı oldu. Rahim əvvəlcə Ağdam istiqamətində yerləşən hərbi birləşmələrimizin tərkibində yer alıb. Sonra Füzulidə döyüşüb. Son döyüşləri isə Xocavənd-Şuşa istiqamətində olub. Noyabrın 8-də Daşaltı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Şəhid olmamışdan iki gün əvvəl onunla danışırdıq. Atəş səsləri gəlirdi. Mənə deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın. Az qalıb. Qəhrəman kimi qayıdacağam”, - deyə şəhidin atası Rafiq Məmmədov söyləyib.
Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib.