AZ

Xorvatiya 2026-cı ildən hərbi xidmətə çağırışı bərpa edəcək

Zaqreb, 25 oktyabr, AZƏRTAC

Xorvatiya parlamenti tərəfindən qəbul edilən yeni qanuna əsasən, Xorvatiyada 2026-cı ildən etibarən hərbi xidmətə çağırış sistemi bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, bu qərar Avropada dəyişən təhlükəsizlik şəraiti, təbii fəlakətlərin və fövqəladə vəziyyətlərin sayının artması ilə əlaqədar qəbul edilib.

Xorvatiya Müdafiə Nazirliyi bəyan edib ki, proqramın əsas məqsədi gənclərə böhran vəziyyətlərində zəruri hərbi bilik və bacarıqların aşılanması, milli təhlükəsizliyin möhkəmlənməsidir. Qurumun açıqlamasında qeyd olunur ki, ölkədə məcburi hərbi xidmətin ləğvindən 17 il keçib və bu müddət ərzində təxminən 300 min nəfər heç bir hərbi hazırlıq keçməyib.

Yeni qaydalara əsasən, hər il 4 minə yaxın gənc hərbi hazırlığa cəlb ediləcək. 2026-cı ildə bu prosesə 2007-ci il təvəllüdlü çağırışçılar və 19 yaşdan yuxarı könüllülər daxil olacaq. Qadınlar isə proqramda könüllü şəkildə iştirak edə biləcəklər.

İlkin tibbi müayinələrə çağırış məktubları 2025-ci ilin dekabrında göndəriləcək. Təlimlər bir neçə şəhərdə yerləşən hərbi hissələrdə keçiriləcək və iki ay davam edəcək. Gənclər atıcılıq, müasir texnikadan istifadə, dronların idarə olunması, özünümüdafiə və ilkin tibbi yardım bacarıqları üzrə praktiki hazırlıq keçəcəklər.

Proqram iştirakçılarına aylıq 1 100 avro həcmində ödəniş veriləcək, yol xərcləri və məzuniyyət təmin olunacaq, xidmət müddəti isə əmək stajına daxil ediləcək. Layihənin illik xərcləri 23,7 milyon avro həcmində qiymətləndirilir.

Təlimi başa vuran şəxslər istəsələr, peşəkar ordu sıralarına qoşula və ya ehtiyat qüvvələrinə yazıla biləcəklər. Yeni sistem Xorvatiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

 
İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

Seçilən
23
2
azertag.az

3Mənbələr