Elçin Ağamalı Ana Vətən Partiyasının (AVP) sədri seçilməsi barədə dezinformasiya yayır.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Günay Ağamalı bildirib.
Günay Ağamalı deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb: “Qarşı tərəf sosial media üzərindən özünün partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı. Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcək”.
Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin deputatıdır.
***
Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib.
Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yarandığı və vəziyyətin əlbəyaxa dava həddinə çatdığı iddia olunur.
Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub.
Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb.
Elçin Ağamalı "demokrat.az"a bildirib ki, atası onun 30 illik siyasi fəaliyyətini yerə vurur.
“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.
Elçin Ağamalının qurultayda partiya sədri seçildiyi bildirilir.
Redaktor.az xəbər verir ki, modern.az məsələni aydınlaşdırmaq üçün Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlayıb.
Fəzail Ağamalı qeyd edib ki, mübahisə əlbəyaxa həddinə çatmayıb:
"Əlbəyaxa həddində mübahisə olmayıb. Yalandır. Axı, mən imkan vermərəm vəziyyət o səviyyəyə gəlib çatsın. Fikir çəkişməsi oldu, qurultayın gedişinə ciddi müdaxilə oldu, təhlükəsizlik meylləri, qurultayın gedişini pozmaq meylləri oldu.
Ondan sonra qurultayın sədri kimi fasilə elan etdim. Qurultay qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Heç şübhəsiz ki, növbədənkənar qurultayımızı keçirəcəyik".
F.Ağamalı oğlu ilə qızı arasında fərq qoymadığını qeyd edib:
"Bu oğlumun öz fikridir. Mən öz namizədimi irəli sürdüm, sonra digər namizədlər də oldu. Digər namizədlərin də hüquqları da tapdalandı, reqlamentin əleyhinə hərəkət etdi, addımlar atdı.
Buna görə də mən düşünündüm ki, qurultayın bu şəkildə getməsi məqsədəuyğun deyil. Sədr olaraq qalıram, növbədənkənar qurultay qeyri-müəyyən vaxta qədər təxirə salındı. Mən Günay Ağamalının namizədliyini irəli sürdüm".