AZ

Fəzail Ağamalının övladları: hərəsinin iki diplomu var - FOTOLAR

Ötən şənbə ölkə siyasi gündəmini silkələyən bir hadisə baş verdi: Ana Vətən Partiyasının (AVP) növbədənkənar qurultayında görünməmiş qalmaqal yaşandı. Partiya rəhbəri, sabiq deputat Fəzail Ağamalı ilə övladları arasında yaşanan mübahisə media və sosial şəbəkələrin də gündəminə düşdü. Bu qalmaqalla eyni zamanda “partiyaiçi varislik”, “ailəiçi siyasət” kimi mövzular müzakirə olundu.


Oktyabrın 25-də baş tutan növbədənkənar qurultayda Ağamalı ailəsinin deputat kimi çıxış edən qızı Günay Ağamalı və partiya strukturunun təmsilçisi olan oğlu Elçin Ağamalı sədr olmaq uğrunda “ölüm-dirim” savaşına çıxmışdılar. Fəzail Ağamalı partiyanın rəhbərliyini qızına vermək istədiyini açıqlayıb. Partiya üzvləri arasında isə Elçin Ağamalının namizədliyini dəstəkləyənlər olub.

Qurultay zamanı gərginlik artıb, mühafizəçilər olaya müdaxilə edib. Fəzail Ağamalı açıqlama verib ki, oğlu qurultayın reqlamentini pozub və binadan kənarlaşdırılıb. Elçin Ağamalı isə özünün yekdil səs alaraq sədr seçildiyini bəyan edib, atasının istefa verdiyini deyib.

Hazırda məsələ ilə bağlı hüquqi prosedurlar gedir, qalmaqalın necə yekunlaşacağı maraq doğurur.

Bu aralarda Fəzail Ağamalı ilə yanaşı, onun övladları da medianın və ictimaiyyətin maraq dairəsinə düşüb. Sabiq deputatın neçə övladı var, haranı bitiriblər, hansı işlərlə məşğul olublar?

Fəzail Ağamalının rəsmi olaraq üç övladı var: iki oğlu, bir qızı.

Yenilik.az Modern.az-a istinadən bildirir ki, Fəzail Ağamalının ilk övladı Yalçın Ağamalıdır. Onun 51 yaşı var. Yalçın Ağamalının iki universitet bitirdiyi bildirilir. Belə ki, o, Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuduqdan sonra İqtisad Univeristetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. Yalçın Ağamalının tarix elmləri namizədi olduğunna dair məlumat var.

Yalçın Ağamalı bir müddət keçmiş İqtisadi İnkişaf Nazirliyində çalışıb. Onun hazırda biznes fəaliyyətilə məşğul olduğu deyilir.

Evli və iki övlad sahibi olan Yalçın Ağamalı atası ilə qardaşı arasında yaşanan son hadisələrdən kənarda qalmağa üstünlük verib. Onun ailəiçi siyasi qalmaqalla bağlı hər hansı açıqlaması yoxdur.

Bakupost.az
Fəzail Ağamalının digər oğlu Elçin Ağamalı qardaşından bir yaş kiçikdir. AVP sədrliyinə iddialı Elçin Ağamalı 50 yaşındadır. O da böyük qardaşı kimi iki ali təhsil alıb. Elçin Ağamalı Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Sonra da Prezident yanında Dövlət İdarəçilik Akedemiyasında ikinici ali təhsil alıb.

Bir müddət dövlət qulluğunda çalışıb, sonra iş adamı kimi fəaliyyət göstərib. Evlidir, bir oğlu, bir qızı var.

Elçin Ağamalı mətbuata deyib ki, 18 yaşından, Ana Vətən Partiyası rəsmi qeydiyyata alınan vaxtdan – 1992-ci ildən qurumun üzvüdür. Partiyada Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, təşkilati məsələlər üzrə katib, beynəlxalq məsələlər üzrə müavin, Mərkəzin Aparatının rəhbəri, Mərkəzi Şuranın üzvü, İdarə Heyətinin üzvü olub.

Fəzail Ağamalının qızı Günay Ağamalı 42 yaşındadır. Milli Məclisdəki tərcümeyi-halında yazıldığına görə, Günay xanım 2004-cü ildə Qərb Universitetini bitirib. 2004-2006-cı illərdə Azərbaycan Dillər Universitetində magistratura təhsili alıb. 2012-ci ildə ixtisasartırma ilə Azərbaycan Dövlət Pedoqoji Universitetində psixologiya ixtisasına yiyələnib. Beləliklə, tərcüməçi (ingilis dili) və praktik psixoloq ixtisaslarına malikdir.
İlk əmək fəaliyyətinə Azərbaycan Dillər Universitetində başlayıb. Universitetin nəzdindəki Tərcümə Araşdırmalar Mərkəzində əvvəlcə mütəxəssis, daha sonra baş mütəxəssis vəzifəsində çalışıb.
Bakupost.az

Günay Ağamalı 23 sentyabr 2024-cü il tarixində 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən VII çağırış Milli Məclisə deputat seçilib. Subaydır, 3 övladı var: 2 qızı, bir oğlu.

Günay Ağamalı Ana Vətən Partiyasının üzvü, Qadınlar Şurasının sədridir.
Günay Ağamalı deputat seçilməzdən əvvəl ailəyə məxsus olan “Buta” uşaq bağçasına rəhbərlik edib. Onun rəhbərlik etdiyi “Buta” körpələr evi və uşaq bağçası 2011-ci ildən 2024-cü ilədək fəaliyyət göstərib.

F.Ağamalı Modern.az-a verdiyi keçmiş müsahibələrinin birində övladları pis vərdişlərə yiyələnməsin deyə, vaxtında onlara müəyyən qadağalar tətbiq etdiyini bildirib: “Mən xüsusi onların fəaliyyətini, dünyagörüşünü məhdudlaşdıran, formalaşmalarına mane olan qadağa qoymamışam. Normal ailələrdə normal qadağalar olduğu kimi, bizim də ailədə qadağalar olub. İmkan verməmişik ki, övladlarımız, xüsusən də oğlanlarımız pis vərdişlərə yiyələnsinlər. Başqa sözlə desək, o pis vərdişlər nədi: siqaret çəkmək, içkiyə meyillilik. Allaha sükür, bunlar mənim övladlarımda yoxdur. Əvəzində onlar Azərbaycanın milli adət-ənənəsinə hömət ruhunda böyüyüblər. Mühafizəkar bir azərbaycanlı kimi, mən və uşaların anası çalışmışıq ki, onları bu cür tərbiyə edək. Və belə də tərbiyələniblər”.

“Üç övladımı da eyni dərəcədə sevirəm. Onların hər üçü müxtəlif tərəflərdən mənə oxşayırlar. Əsas odur ki, bunlar bir-birlərini tamamlayır. Yəni xarakterində, təbiətində, hərəkət və davranışlarında mənimlə onlar arasında ziddiyyət yarada biləcək məqamlar yoxdur. Övladlarımın hər birindən razıyam, Allah onları xoşbəxt eləsin”, - F.Ağamalı deyib.


Seçilən
21
3
yenilik.az

10Mənbələr