AZ

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının 11-ci üzvü seçilib

BAKI, 26 oktyabr. TELEQRAF

Malaziyanın paytaxtı Kuala-Lumpurda keçirilən sammitdə Şərqi Timorun Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulması barədə bəyannamə imzalanıb.

Teleqraf xəbər verir ki, sənədin imzalanması ilə Şərqi Timor assosiasiyanın on birinci üzvü olub.

Bəyannamə təşkilata üzv ölkələrin liderləri və Şərqi Timorun Baş naziri Kay Rala Şanana Quşmaunun iştirakı ilə imzalanıb.

ASEAN sammiti çərçivəsində tədbirlər oktyabrın 23-dən Malayziyanın paytaxtı Kuala-Lumpurda başlayıb. Əsas proqram oktyabrın 26–28-də keçiriləcək və tədbirə ABŞ, Braziliya kimi iri dövlətlərin nümayəndə heyətləri də qatılacaq. Sammit zamanı Kamboca və Tailand arasında “sülh bəyannaməsi”nin imzalanacağı gözlənilir.

ASEAN 1967-ci ildə Cənub-Şərqi Asiyada iqtisadi artımı, sosial tərəqqini və mədəni inkişafı sürətləndirmək üçün yaradılmış regional hökumətlərarası təşkilatdır. Buna qədər onun 10 üzvü var idi.İndoneziya , Malayziya, Sinqapur , Tayland, Filippin, Bruney , Vyetnam , Laos , Myanma və Kamboca ASEAN-a üzv olan dövlətlərdir.

Keçmiş Portuqaliya koloniyası olan Şərqi Timor 1999-cu ildə keçirilən referendumdan sonra müstəqillik qazanıb. Ölkə 2011-ci ildə ASEAN-a üzvlük üçün rəsmi müraciət edib, indiyə qədər müşahidəçi statusunda fəaliyyət göstərirdi.

Seçilən
97
teleqraf.com

1Mənbələr