Bu gün İspaniya La Liqasının X turunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Madridin məşhur “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 12-ci dəqiqəsində “Real Madrid”in hücumçusu Kilian Mbappenin vurduğu qol oyundankənar vəziyyət səbəbindən sayılmayıb. On dəqiqə sonra fransalı futbolçu təkbətək epizodda fərqlənərək “Real”ı önə keçirib. “Barselona” 38-ci dəqiqədə Fermin Lopesin qolu ilə hesabı bərabərləşdirib. 43-cü dəqiqədə isə Cud Bellingem madridlilərin qələbə qolunun müəllifi olub.
Qeyd edək ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda La Liqada 10 turdan sonra 9 qələbə və 1 məğlubiyyətlə 27 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Hansi Flikin komandası isə 5 xal fərqlə ikinci pillədə qərarlaşıb.