Ağ Ev Konqresi mümkün hərbi əməliyyatlar barədə məlumatlandıracaq...
ABŞ prezidenti Donald Tramp Asiya səfərindən qayıtdıqdan sonra Konqres üzvlərini Venesuela və Kolumbiyaya qarşı planlaşdırılan hərbi əməliyyatlar barədə məlumatlandırmağı planlaşdırır.
Poliqon xəbər verir ki, bu barədə senator Lindsi Qrem CBS News telekanalına müsahibəsində bildirib.
Qremin sözlərinə görə, Tramp onunla söhbətində yaxın vaxtlarda mümkün hərbi əməliyyatların dənizdən quruya doğru genişləndirilməsi ilə bağlı planların Konqresə təqdim olunacağını deyib.
“Prezident mənə dünən dedi ki, Asiyadan qayıtdıqdan sonra Venesuela və Kolumbiyaya qarşı mümkün gələcək hərbi əməliyyatlar barədə Konqres üzvlərinə məlumat verəcək. Beləliklə, Konqres potensial əməliyyatların miqyasının genişlənməsi ilə bağlı brifinq alacaq ”, deyə senator qeyd edib.
Lindsi Qrem həmçinin əlavə edib ki, Tramp hələlik bu əməliyyatların quru qoşunlarının daxil olmasını nəzərdə tutub-tutmadığını açıqlamayıb. O, ehtimal edir ki, əməliyyatlar yalnız hava zərbələri ilə məhdudlaşa bilər.
ABŞ administrasiyası hazırda Cənubi Amerikada narkotik ticarətinə və siyasi qeyri-sabitliyə qarşı mübarizə çərçivəsində yeni strategiya hazırlayır.
Poliqon.info