Ukraynalı bloqer Dmitro Karpenko (rus hərbi əsirləri ilə müsahibələr təqdim edən "YouTube" kanalının həmmüəllifi) bildirib ki, azad edilən rus əsgərlərini istirahət və ya tibbi yardım yox, sorğu-sual və yalan detektoru gözləyir.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, bloqerin sözlərinə görə, əsir mübadilələri heç vaxt Ukrayna ərazisində baş vermir, çünki Rusiya təhlükəsizlik orqanları ora daxil olmağa qorxur. Mübadilədən dərhal sonra isə qurama təbliğat "şousu" başlayır - əsirlərə çirkli geyimlərinin üstünə yeni forma geyindirirlər, sonra onları “Ura!” deyə qışqırarkən və ya guya evlərinə zəng edirmiş kimi çəkib yayırlar.
Bundan sonra hamısı Moskva vilayətinə - FSB-nin Podolsk və Mosrentgen ərazilərindəki obyektlərinə aparılır. Orada saatlarla dindirildikdən sonra yenidən döyüşə göndərilirlər.
Karpenko qeyd edib ki, əsirlikdə keçirdikləri vaxt onların hərbi xidmət müddətinə daxil edilmir. Məsələn, 14 ay əsir qalmış bir əsgərə qayıtdıqdan sonra bildirilib ki, hələ 10 ay da xidməti qalır.
“Reabilitasiya yoxdur, istirahət yoxdur. Yalnız sorğu və birbaşa cəbhəyə geri,” - deyə bloqer vurğulayıb.
 
                        