"Global Media" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür.
Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 11 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.
İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda "Report"un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.
"Report" agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.
Hazırda "Report"un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.
Report.az mütəmadi olaraq irimiqyaslı beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.
Agentlik həmçinin sosial mediada da geniş auditoriya toplayıb. Hazırda "Report"un bütün əsas platformalarda rəsmi səhifələri fəaliyyət göstərir. Son illər "Report.az" adı ilə fəaliyyət göstərən Youtube kanalı izləyicilər arasında xüsusi populyarlıq qazanıb və hazırda kanalın abunəçilərinin sayı 120 mini keçib.
Manset.az kollektivi adından Report.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!