Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Altmış beş ölkə Hanoyda Birləşmiş Millətlər Təşkilatının kibercinayətkarlıqla mübarizəyə yönəlmiş mühüm müqaviləsini imzalayıb. BMT-nin Baş katibi Antonio Quterreş bu addımı daha təhlükəsiz rəqəmsal dünyaya doğru tarixi bir addım kimi qiymətləndirib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, beş il davam edən danışıqlardan sonra 2024-cü ilin dekabr ayında Baş Assambleya tərəfindən qəbul edilən Kibercinayətkarlığa Qarşı Konvensiya maliyyə fırıldaqçılığından tutmuş intim şəkillərin icazəsiz paylaşılmasına qədər onlayn formatda törədilən cinayətlərin araşdırılması və məhkəməyə verilməsi üçün ilk universal çərçivə yaradır.
A.Quterreş imzalama mərasimində bildirib: “BMT Kibercinayətkarlıq Konvensiyası kibercinayətkarlığa qarşı kollektiv müdafiəmizi gücləndirmək üçün güclü, hüquqi cəhətdən məcburi bir vasitədir. Bu, çoxtərəfliliyin həllər təqdim etməkdəki davamlı gücünün sübutudur və inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrin kibercinayətkarlığa qarşı müdafiəsiz qalmayacağına dair bir anddır”.
Yeni müqavilə kibertəhlükə törədən əməllərin bir sıra növlərini cinayət hesab edir, elektron sübutların sərhədlərarası paylaşılmasını asanlaşdırır və dövlətlər arasında sıx əməkdaşlıq şəbəkəsi yaradır. Bu sənəd, həmçinin intim şəkillərin icazəsiz yayılmasını cinayət kimi tanıyan ilk beynəlxalq müqavilə kimi tarixə düşür və onlayn istismar qurbanları üçün əhəmiyyətli bir qələbədir.
Bu müqavilə imzasını atmış 40-cı dövlətin ratifikasiya sənədini təqdim etməsindən 90 gün sonra qüvvəyə minəcək.
A.Quterreş çıxışında texnologiyanın fövqəladə irəliləyiş gətirməsinə baxmayaraq, yeni zəifliklər də yaratdığı barədə xəbərdarlıq edib. O bildirib: “Hər gün mürəkkəb fırıldaqçılıq ailələri aldadır, dolanışıq mənbələrini oğurlayır və iqtisadiyyatımızdan milyardlarla dolları qarət edir. Kiberməkanda heç kim təhlükəsiz deyil”.
Baş katib Konvensiyanın onlayn sui-istifadə qurbanları üçün qələbə, müstəntiqlər və prokurorlar üçün ədaləti təmin etməyin aydın bir yolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, müqavilə elektron sübutlar üçün qlobal standart təmin etməklə yanaşı, məxfilik, ləyaqət və fundamental insan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yaxşılaşdırmağı hədəfləyir.
Yeni sənədin rəqəmsal təhdidlərin kəskin şəkildə artdığı bir vaxtda ölkələrin kibercinayətkarlıqla mübarizə üsullarını yenidən formalaşdıracağı gözlənilir. Sənaye mütəxəssislərinin fikrincə, qlobal kibercinayətkarlıq xərclərinin 2025-ci ilə qədər ildə 10,5 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bir çox hökumətlər, xüsusən də Qlobal Cənub dövlətləri müqavilə ilə təlim, texniki yardım və real vaxt əməkdaşlıq kanallarına çıxış imkanı əldə edir.
Digər ölkələrin də tezliklə bu müqaviləyə qoşulacağına ümidvar olduğunu bildirən A.Quterreş çıxışının sonunda deyib: “Gəlin bu fürsəti əldən verməyək. Hər kəsin ləyaqətinə və insan hüquqlarına hörmət edən bir kiberməkan quraq və rəqəmsal dövrün hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etməsinə nail olaq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.