AZ

Gürcüstan Avronest PA-nın İrəvanda keçiriləcək tədbirində iştirakdan imtina edib

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstan Avronest Parlament Assambleyasının oktyabrın 28-dən 30-dək İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirakdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Avropa ilə İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili bildirib.

Levan Maxaşvili Avronest Parlament Assambleyasına məktubla müraciət edib.

Müraciətdə deyilir ki, Avronest PA-nın son vaxtlardakı hərəkətləri Assambleyanın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsinin fundamental prinsipləri və məqsədləri ilə uyğunsuzluğuna görə ciddi narahatlığa səbəb olur. Assambleyanın iştirakçıları tərəfindən bir vaxtlar geniş şəkildə paylaşılan çoxtərəfli dialoq təəssüf ki, keçmişdə qalıb.

Qeyd olunur ki, Gürcüstanda faktlar, dəlillər və gürcü xalqının iradəsi əvəzinə, cinayətə görə mühakimə olunmuş öz siyasi tərəfdaşlarına üstünlük verən avropalı parlamentarilərin əməllərinin bir hissəsinə çevrilir. Gürcü cəmiyyəti bu avropalı parlamentarilərin Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyalarına necə qoşulduğunu gördü, bu isə parlament diplomatiyasının hüdudlarından kənara çıxırdı.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
59
azertag.az

1Mənbələr