Luvrda milyonluq soyğun: Şübhəli şəxs DNT vasitəsilə ifşa edildi
Ajans.az xəbər verir ki,bu barədə BFMTV istintaqa yaxın mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hüquq-mühafizə orqanları iki nəfəri saxlayıb. Onlardan biri Şarl de Qoll hava limanında Əlcəzairə uçmağa cəhd edərkən tutulub, digəri isə Paris bölgəsində Maliyə qaçmaq istərkən yaxalanıb. Hər iki şəxs təxminən 30 yaşındadır və Parisin Oberlier şəhərətrafında yaşayır. İstintaqın gedişində hadisə yerində tapılan DNT nümunələri şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsində əsas sübut kimi çıxış edib. Paris prokuroru Lore Bekkon bildirib ki, ekspertlər muzeydə 150-dən çox barmaq izi, DNT nümunəsi və digər maddi dəlillər toplayıblar. Xatırladaq ki, Luvr soyğunçuluğu 19 oktyabrda baş verib. Oğrular muzeyin Napoleon və İmperatriça Jozefina kolleksiyasından doqquz zərgərlik məmulatını — Fransa kraliçalarına və imperatriçalarına məxsus sırğalar, boyunbağılar, tiaralar və broşları oğurlayıblar. Sonradan imperatriça Yevgeniya de Montixonun oğurlanmış tacı tapılaraq Luvr muzeyinə qaytarılıb. Ümumi zərər 88 milyon avro dəyərində qiymətləndirilir.