Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümünə görə həbs olunan cərrah-otorinolarinqoloq Sənan Mehdiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, zərərçəkmiş N. Mansurlunun hüquqi varisi tərəfindən verilən şikayətdə S. Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunub.
Şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"