BAKI, 27 oktyabr. TELEQRAF
Brüsseldə Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov “Rhenus Group” şirkətinin baş direktoru Tobias Bartsla görüşüb və ölkədə konteyner daşımalarının inkişafı və bununla bağlı infrastruktur layihələrinin sürətləndirilməsi ilə bağlı razılıq əldə edib.
Teleqraf xəbər verir ki, görüşdə nəqliyyat və logistika sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində əməli addımlar nəzərdən keçirilib.
Xüsusilə, Özbəkistanda yaradılmış “UzContargo Andijan” birgə müəssisəsinin iştirakı ilə Əndicanda müasir logistika mərkəzinin tikintisi layihəsinin sürətləndirilməsi, habelə ölkədə konteyner yükdaşımalarının inkişafı üzrə işlərin birgə təşkili məsələləri müzakirə olunub.
Tərəflər konteyner dəhlizlərinin səmərəliliyinin artırılması, daşımaların həcminin tədricən genişləndirilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş yol xəritələrini əlaqələndirmək niyyətlərini ifadə ediblər.
Tərəflər əməkdaşlıq üzrə işgüzar əlaqələri fəal şəkildə davam etdirmək barədə razılığa gəliblər.