Azərbaycan Milli Konservatoriyasında (AMK) 5 əməkdaş işdən çıxarılıb, qanunsuz yaradılmış 2 departament ləğv edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Milli Konservatoriyasından bildirilib.
Qeyd edilib ki, hazırda AMK-da iş fəaliyyətinin düzgün planlaşdırılması, əmək funksiyalarının təkrarlanmasının aradan qaldırılması və bununla da maksimum effektivliyə nail olunması, həmçinin tədris prosesinin təşkili və tədrisin keyfiyyətinə nəzarət mexanizmində davamlılıq və optimallığının təmin edilməsi məqsədilə struktur islahatları həyata keçirilir: “Ştat vahidlərinin ixtisara salınması və optimal işçi sayının müəyyənləşdirilməsi maliyyə resurslarının düzgün bölüşdürülməsi və ondan səmərəli istifadə edilməsi zərurətindən irəli gəlir”.
Struktur islahatları çərçivəsində AMK-da 5 əməkdaşla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi vurğulanıb.
Əlavə olaraq, mövcud normativlərə görə bir struktur vahidinin (şöbə, sektor, departament və s) yaradılması üçün tələb olunan minimum ştat sayı gözlənilmədən qanunsuz olaraq yaradılan 2 departament - Beynəlxalq Əlaqələr Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi mütəxəssis və 1 ştat vahidi inspektordan ibarət olmaqla) və İnsan Resursları Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi kadrlar üzrə mütəxəssisdən ibarət olmaqla) ləğv edilib.