Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ombudsmanı məlumat yayıb.
Bildirilib ki, irəli sürülmüş təklif əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin dərman vasitələri ilə təminatının yaxşılaşdırılması, tibbi sığorta sistemində şəffaflığın və maliyyə dayanıqlığının artırılması məqsədilə dərman təminatının tənzimlənməsinə dair bir sıra qərarlar qəbul edib.
Belə ki, yeni qaydalar vətəndaşların ambulator şəraitdə (evdə) istifadə olunan əlçatan dərmanların icbari tibbi sığorta hesabına təmin edilməsi ilə bağlı mexanizmin normativ çərçivəsini müəyyən edir. Qaydalarda dərman vasitələrinin icbari tibbi sığorta hesabına kompensasiya mexanizmi, onların Xidmətlər Zərfinə daxil edilməsi və çıxarılması meyarları müəyyənləşdirilib.
Bu yenilik dərman təminatı sisteminin hüquqi və inzibati əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımdır.