PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun üzə çıxması ilə 87 yaşlı keçmiş "boz kardinal"ın çevriliş planı sənədli şəkildə ifşa olundu.
Məktubun altında Mehdiyevin imzası olmasaydı belə dəsti-xətti onu ələ verərdi: akademik cümlələrlə publisistikanın diletancasina calaq edilməsi, iddialı "həll yolları"nın irəli sürülməsi, özünü "xilaskar" kimi təqdim etmək cəhdi...
Məktubdan aydın olur ki, Mehdiyev bunu AMEA-ya rəhbərlik etdiyi dövrdə qələmə alıb. Elm ocağını intriqa yuvasına çevirdiyi vaxt bəzən "elm" adına etdiyi, ya da sifarişlə yazdırdığı cızma-qaraları da eyni üslubda idi. Misal üçün, məktubda onun qeyd etdiyi "qəddar ruh" ifadəsi ilə dini-mifolojik mesaj verməyə çalışdığı hiss olunur. AMEA-ya rəhbərliyi dövründə tirajladığı yazılarda da analoji terminologiyaya tez-tez baş vurması ilə yadda qalıb. Görünür, həmin vaxt "beşinci kolon"un qəbul otağına çevirdiyi elm ocağındakı kabinetində Rusiyadan gələn emissarlarin ziyarəti onu çevriliş planı hazırlamağa ruhlandırıb.
Bu məktub Mehdiyevin dövlətə və siyasi hakimiyyətə xəyanətinin isbatıdır. Belə bir xəyanət cəhdinin reallaşması sıfıra bərabər ehtimal idi, onu arxalandığı Rusiyanın ifşa etməsi də o deməkdir ki, yaşlı "boz kardinal"ın dövrü çoxdan, Prezident İlham Əliyev onu postundan göndərəndə bitmişdi. Sadəcə, Mehdiyev bu reallığı anlamaq istəməyib. Mehdiyevin gedişi ölkədə çoxdan gözlənilən, həm də xalqın tələbinə çevrilmiş köhnə komandanın yola salınması - idaretmədəki eybəcərliklərə son qoymaq addımı idi. Dövlət başçısı bu prosesi köklü islahatlarla həyata keçirdi. Bu baxımdan, onun məktubunda qeyd etdiyi "son illərdə Azərbaycanda dövlət idarəetmə sistemini, eləcə də iqtisadi həyatı əhatə edən dərin böhran köklü islahatların və dəyişikliklərin aparılmasını tələb edir" qeydi gülünc göründüyü qədər, məqsədin iddia etdiyi kimi "böhrandan çıxış yolunu" tapmaq yox, özünün hakimiyyət davası olduğunu da təsdiq edir.
R.Mehdiyev iddia edir ki, "ölkədə dərin böhran var", halbuki onun və dəstəsinin dövlət idarəçiliyindən uzaqlaşdırılması yaratdıqları böhranı aradan qaldırmaq məqsədi daşıyırdı, böyük ölçüdə nəticə əldə olundu da. 44 günlük Vətən müharibəsi və şanlı Qələbəmiz bunun bariz nümunəsidir. Əgər iddia etdiyi kimi, "böhran" hələ də müəyyən qədər davam edirsə, bu da Mehdiyevin PA postunda olduğu müddətdə yaratdığı eybəcər sistemin qalıqlarıdır. Mehdiyevin bu iddiasında üç məqsəd yer alır.