Musavat.com xəbər verir ki, Gürcüstan hökuməti 2026-cı il yanvarın 1-dən etibarən “Beynəlxalq Təhsil Mərkəzi”ni ləğv edəcək. Bu barədə qərar baş nazirin imzaladığı fərmanda əksini tapıb.
Sənədə əsasən, mərkəzin fəaliyyəti dayandırıldıqdan sonra bütün sənədlər və arxiv materialları Təhsil Nazirliyinə təhvil veriləcək.
“Beynəlxalq Təhsil Mərkəzi” 2014-cü ildə yaradılmışdı və gürcü gənclərə dünyanın aparıcı universitetlərində təhsil almaq, sonra isə əldə olunan bilikləri ölkə daxilində tətbiq etmək imkanı verirdi.
Qeyd edək ki, oktyabrın 16-da baş nazir İrakli Kobaxidze yeni təhsil islahatını təqdim edərkən, gənclərin xaricdə təhsil almaq tendensiyasını əsas problemlərdən biri kimi dəyərləndirib və Gürcüstanda təhsilin keyfiyyətini yüksəltməklə gənclərin ölkədə qalmasına şərait yaradılacağını bildirib.
Musavat.com