Vergilər Məcəlləsinə edilən dəyişikliklər son günlər cəmiyyətin diqqət mərkəzindədir. Bəs bu dəyişikliklərin istehlak bazarına real təsirləri necə olacaq?
İqtisadçı Günay Hüseynova Metbuat.Az-a açıqlamasında bildirib ki, bu, ümumilikdə bütün məhsullarda qiymət artımının olacağı demək deyil:
"Məsələn, aksiz vergiləri spirtli içkilər və tütün məhsulları üzərində tətbiq olunur. Hər kəs bu məhsulları istehlak etmədiyi üçün bu artımı bütün kateqoriyalara aid etmək olmaz. Amma misal üçün, ƏDV-nin faizi 20-ə qaldırılsa, bu, həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında qiymət artımına səbəb olacaq. Geyim, ət, yağ, süd və ümumiyyətlə, gündəlik istifadə etdiyimiz bütün məhsullarda qiymət artımı müşahidə oluna bilər".

G.Hüseynovanın sözlərinə görə, gəlir və mənfəət vergisi artırılarsa, şirkətlər də bu xərci qarşılamaq üçün məhsulun satış qiymətinə əlavə edəcəklər:
"Yəni öz xərcini kompensasiya etmək məqsədilə məhsulu bir qədər bahalaşdıracaqlar. Əgər ƏDV və həmin vergi eyni anda tətbiq olunarsa, məhsullardakı qiymət artımı təxminən 8–10 faiz civarında ola bilər. Bu, rəsmi statistika deyil, lakin müşahidələr göstərir ki, bəzi illərdə ərzaq məhsullarının qiyməti 30 faizə qədər arta bilir. Biz isə minimum səviyyə üzərindən proqnoz veririk".
Ekspert qeyd edib ki, əsasən zəruri ehtiyac mallarının qiymətində artım müşahidə ediləcəyi gözlənilir.
Sevinc İbrahimzadə