BAKI, 28 oktyabr. TELEQRAF
“Tesla”nın direktorlar şurasının sədri Robin Denholm səhmdarlara xəbərdarlıq edib ki, şirkətin baş direktoru İlon Maska təxminən 1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməzsə, o, şirkəti tərk edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "CNBC News" məlumat yayıb.
Denholm məktubunda bildirib ki, Mask “Tesla”nın əsas fiqurudur və onun gedişi şirkətin dəyərinin ciddi şəkildə azalmasına səbəb ola bilər.
“İlonsuz "Tesla" artıq gələcəyə yönəlmiş texnologiya şirkəti kimi deyil, sadəcə avtomobil istehsalçısı kimi qiymətləndirilə bilər”, - o vurğulayıb.
Sözügedən ödəniş təklifi səhmdarlar tərəfindən 5 noyabra qədər təsdiqlənməlidir. Lakin bəzi investorlar və məsləhət şirkətləri bu məbləğin “astronomik” olduğunu bildirərək müqavimət göstərirlər.
Denholm əlavə edib ki, məsələ təkcə pul deyil, həm də Maskın süni intellektin gələcəyinə nəzarət imkanları ilə bağlıdır. Bu paket təsdiqlənərsə, Mask şirkətdəki payını təxminən 25%-ə qədər artıracaq.