Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi yeni könüllülərini məlumatlandırma işinə başlayıb.
QHT.az xəbər verir ki, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən könüllü üzv seçimi prosesi uğurla başa çatdırılmışdır. Seçim mərhələsində iştirak edən çoxsaylı namizədlər arasından ictimai fəallığı, məsuliyyəti və sosial həssaslığı ilə seçilən gənclər müəyyən edilərək, təşkilatın müxtəlif istiqamətlərdəki fəaliyyətlərinə cəlb olunmuşdur.
Hazırda İctimai Birlik 3 aylıq sınaq və seçmə dövrünə start verib. Bu mərhələdə könüllülərin fəallığı, təşəbbüskarlığı, komanda işi bacarıqları və təşkilatın dəyərlərinə bağlılığı qiymətləndiriləcəkdir. Sınaq müddətini uğurla başa vuran gənclər İctimai Birliyin tamhüquqlu üzvləri sırasına qəbul ediləcəklər.
Bu prosesin əsas məqsədi, cəmiyyətin inkişafında fəal rol oynayan, dövlətçilik prinsiplərinə sadiq və sosial məsuliyyət daşıyan gəncləri bir araya gətirmək, onların potensialını sosial layihələrdə həyata keçirməyə şərait yaratmaqdır.
İctimai Birliyin bu təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarının inkişafı, QHT-lərin fəaliyyətinin gücləndirilməsi və könüllülük hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətə dəstək xarakteri daşıyır.
Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi gələcəkdə də sosial rifahın yüksəldilməsi, ailələrin və uşaqların müdafiəsi, gənclərin ictimai fəallığının artırılması istiqamətində layihələr həyata keçirməyi planlaşdırır.