AZ

Yazıçılar Birliyində Həbib Əliyevin 80 illiyi qeyd olundu - FOTOLAR

"Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə, Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında Azərbaycan və Ukrayna Yazıçılar Birliyinin üzvü, 1996-cı ildən başlayaraq 25 il ərzində Krım vilayətinin Sevastopol şəhərində yaradılmış “Qobustan” Azərbaycan radiosunun təsisçisi və baş redaktoru olmuş Həbib Əliyevin 80 illiyi, həmçinin “Krım gündəlikləri” və “Krım radiosunda Azərbaycan ziyalıları” adlı kitablarının təqdimatı keçirilmişdir.

QHT.az xəbər verir ki, tədbirdən öncə Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş əsgər və zabitlərimiz bir dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə açan, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aygün Hüseyn Həbib Əliyevin həyat və fəaliyyəti barədə qısa məlumat verərək sözü yubilyara verdi.

Çıxışı zamanı Həbib Əliyev özünün həyat yolundan və Ukraynada “Qobustan” Azərbaycan radiosunun yaranma tarixindən geniş danışaraq bildirdi ki, o, bu illər ərzində bir neçə kitab və eyni zamanda dövrü mətbuat orqanlarında Ukrayna–Azərbaycan dostluqları barədə məqalələr də yazmışdır.

Sonra yubilyarı təbrik etmək üçün söz “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadəyə verildi. Tofiq Əlizadə qeyd etdi ki, Həbib Əliyevi 1996-cı ildən tanıyır. O zaman Ukraynanın Krım vilayətinin Sevastopol şəhərində Azərbaycan dilində “Qobustan” adlı radio Həbib müəllimin sayəsində yenicə yaranmışdı. Həbib müəllim hər dəfə Bakıya dönərkən, mənimlə görüşür, radionun fəaliyyətindən fərəh hissi ilə danışırdı.

Qeyd olundu ki, Həbib Əliyev Bakıda orta məktəbdə müəllim peşəsini yarımçıq qoyaraq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Ukraynanın Krım vilayətinə üz tutmuş və 25 il ərzində həmin Azərbaycan radiosunun vasitəsilə xarici bir ölkədə Azərbaycanın musiqi, mədəniyyət və ədəbiyyatını təbliğ etmişdir.

Daha sonra çıxış edən Azərbaycan dastan folklorunun, həmçinin Şumer tarixi və mədəniyyətinin araşdırıcısı, filologiya elmləri doktoru İslam Sadıq söylədi ki, Həbib müəllim vaxtilə Azərbaycanın qədim tarixi ilə bağlı olan müsahibəni “Qobustan” Azərbaycan radiosunda tərcümə etdirərək səsləndirmiş və bu müsahibə Ukraynada böyük maraqla qarşılanmışdır.

Həbib Əliyev 2013-cü ildə Beynəlxalq jurnalistlərin radio üzrə müsabiqəsinin laureatı diplomu və gümüş medalı ilə, 2015-ci ildə isə Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir.

Daha sonra çıxış edən ziyalılardan Vaqif Rüstəmov, Nadir Cəfərov, Məhərrəm Məhərrəmov, Nurəddin Salayev, Dünyaxanım Əliyeva və başqaları Həbib Əliyevə 25 il ərzində gördüyü işlərə görə təşəkkür etmiş və ona can sağlığı arzulamışlar.

Seçilən
31
qht.az

1Mənbələr