Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfəki müsahibi filoloq və tərcüməçi Azad Ağaoğlu olub.
Müsahibə zamanı o, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə işıq üzü görən tam külliyyatının ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə çap olunması layihəsindən danışıb. Bildirib ki, hazırda XIII cild oxucuların ixtiyarına verilib.
Azad Ağaoğlunun sözlərinə görə, ADA Universitetinin bu layihəsinədək "Azərbaycan" qəzetinin 450-yə yaxın nömrəsi heç vaxt tam külliyyat şəklində ərəb əlifbasından latın əlifbasına transliterasiya edilməyib. Bu istiqamətdə əvvəl müəyyən təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb.
Bu baxımdan, 1918-1920-ci illərdə işıq üzü görmüş "Azərbaycan" qəzetinin tam külliyyatının nəşri böyük elmi və mədəni əhəmiyyət daşıyır.
A.Ağaoğlu vurğulayıb ki, "Azərbaycan" qəzetinin transliterasiyası filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli ilə birlikdə həyata keçirilib. Onun sözlərinə görə, layihə çərçivəsində görülən işlərdən biri də yenə ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış "Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 - oktyabr 1919" kitabının nəşridir.
Bu kitab Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə kimi qiymətləndirilə bilər. Çünki 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklərə dair "Azərbaycan" qəzetində dərc olunan bütün materiallar bu vəsaitdə toplanıb.
Müsahib qeyd edib ki, bu materiallar və faktlar tariximizin və milli yaddaşımızın unudulmaması baxımından müstəsna əhəmiyyətə malikdir.
Məsələn, "Azərbaycan" qəzeti həmin dövrdə Andranikin daşnak-bolşevik mətbuatında ermənilərə ünvanladığı məktubu dərc edib. Həmin məktubda Andranik soydaşlarımıza qarşı törətdiyi qırğınları və təxribatları açıq şəkildə etiraf edib və bununla da özünü ifşa edib.
A.Ağaoğlu əlavə edib ki, bu kimi çoxsaylı faktlar "Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 - oktyabr 1919" kitabında toplanıb.
Ümumilikdə, həmin dövrdə işıq üzü görən materiallara nəzər saldıqda aydın görünür ki, "Azərbaycan" qəzeti daşnak-bolşevik mətbuatına qarşı təkbaşına mübarizə aparıb.
O dövrün azərbaycanlı ziyalıları bu mətbu orqan ətrafında ümummilli məsələlərdə birləşərək, tarixi torpaqlarımız uğrunda siyasi və ideoloji mübarizə aparıblar. Qərbi Azərbaycandan olan soydaşlarımızın problemləri daim diqqət mərkəzində saxlanılıb, Zəngəzur məsələsinə isə xüsusi önəm verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Qərbi Azərbaycan Xronikası: "Azərbaycan" qəzeti daşnak-bolşevik mətbuatına qarşı təkbaşına döyüşüb"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.