İlon Maskın gələcəyi 5 noyabrda keçiriləcək səhmdar səsverməsindən asılı olacaq...
Tesla şirkətinin Direktorlar Şurasının sədri Robin Denholm səhmdarlara müraciət edərək xəbərdarlıq edib: əgər onlar İlon Maska təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketinin ödənilməsinə səs verməsələr, o, şirkəti tərk edə bilər.
Poliqon xəbər verir ki, bu barədə məlumatı CNBC News telekanalı məlumat yayıb.
Denholmun səhmdarlara ünvanladığı məktubda qeyd olunur ki, “İlonsuz Tesla dəyərinin böyük hissəsini itirə bilər, çünki şirkət artıq gələcəyin vizyonuna görə deyil, hazırkı vəziyyətinə görə qiymətləndiriləcək”. Onun sözlərinə görə, Mask Tesla-nın gələcəyinin açarıdır və onun liderliyi şirkətin innovasiya xəttinin davamı üçün həlledici rol oynayır.
Məktubda qeyd olunur ki, bu təklifin 5 noyabra qədər səhmdarlar tərəfindən təsdiqlənməsi tələb olunur. Lakin təşəbbüs ciddi müqavimətlə üzləşib. ABŞ-ın nüfuzlu konsaltinq şirkəti Institutional Shareholder Services (ISS) kompensasiya məbləğinin “astronomik” olduğunu əsas gətirərək, səhmdarlara “əleyhinə səs verməyi” tövsiyə edib.
Denholm isə cavabında bildirib ki, məsələ yalnız kompensasiya ilə deyil, həm də “Maskın səsvermə prosesində təsir gücünü qoruması” ilə bağlıdır. Onun sözlərinə görə, İlon Mask süni intellektin və Optimus adlı insanabənzər robotların inkişafına nəzarəti saxlamaq istəyir, çünki “AI üzərində nəzarətin itirilməsi bəşəriyyət üçün risk yarada bilər.”
Plana əsasən, Tesla səhmdarları noyabr ayında Maska qarşıdakı 10 il ərzində 1 trilyon dollar ödənişin təsdiqi üçün səs verəcəklər. Razılaşma həmçinin Maskın şirkətdəki payını 13 faizdən 25 faizə yüksəldə bilər. Lakin o, bu məbləği yalnız bir sıra ambisioz hədəflərə çatdığı təqdirdə ala biləcək:
20 milyon avtomobilin istehsal və satışa çıxarılması,
1 milyon robotaksinin kommersiya istifadəsinə verilməsi,
şirkətin ümumi bazar dəyərinin 8,5 trilyon dollara çatdırılması,
və 1 milyon “Optimus” robotunun istehsalı və satışa çıxarılması.
Ekspertlər bildirirlər ki, bu təklif yalnız Tesla-nın deyil, həm də qlobal texnologiya bazarının gələcəyi üçün dönüş nöqtəsi ola bilər, çünki Maskın şəxsi strategiyası süni intellekt və robot texnologiyalarının inkişafı ilə sıx bağlıdır.
Poliqon.info