"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsinin operatoru olaraq BP şirkəti dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqlar blokunda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.
Bu məqsədə uyğun olaraq BP "Dərinsulu Günəşli" ərazisində bir çox quyuda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün BP-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq ediləcək. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORIS) kimi tanınan bu texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək. Bununla da yataqların bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.
Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsi üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən istifadə edəcək. Bu, gəmidən icra olunan müdaxilə üsuludur. Yəni QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. "Xankəndi" sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.
BP şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb. Bunlardan biri QDYM xidmətləri üçün Oceaneering International şirkəti ilə çoxmilyonluq müqaviləsidir. Bu müqaviləyə BORIS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORIS-ın tətbiqi üçün lazımlı avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.
QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün çoxmilyonluq müqavilə isə SLB şirkəti ilə imzalanıb. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərinin ləğvi və "qırmızı zona"nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu-təkxətli (Combo) qurğunun təminatı daxildir. Müqavilə həmçinin dövretmə və təzyiq sınaqları üçün yüksəktəzyiqli nasos işlərinə qadir təzyiq-maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təminatını nəzərdə tutur.
Bu proqram çərçivəsində dəniz əməliyyatlarının cari ilin sonunadək başlanacağı və 2026-cı ilin axırınadək yekunlaşacağı gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris deyir: "Hesab edirik ki, QDYM texnologiyası, xüsusilə də "Dərinsulu Günəşli" ərazisindəki quyulara BORIS sisteminin tətbiqi bizə sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə imkan verəcək. BP-nin qlobal əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı təcrübəmizdən istifadə ilə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli artırır və Xəzərdə sualtı quyuların idarə olunması işlərində yeni səhifə açır".
Flora SADIQLI,
"Azərbaycan"