AZ

Monteneqrodakı bıçaqlı insidentə görə Azərbaycan vətəndaşı saxlanıldı – Etirazlar keçirilir


Oktyabrın 25-i şənbə gecəsi 25 yaşlı M.J. adlı Monteneqro vətəndaşı Podqoritsa şəhərinin Zabyelo rayonunda hücuma məruz qalaraq, bıçaqlanıb.
Yeniavaz.com
BBC-nin Serbiya xidmətinə istinadla xəbər verir ki, Baş Prokurorluğun əmri ilə polis 31 yaşlı Azərbaycan vətəndaşı Y.G.-ni və 54 yaşlı Türkiyə vətəndaşı N.D.-ni həbs edib.
Reydlər zamanı polis əlavə olaraq 45 Türkiyə vətəndaşını saxlayıb. Polis aparılan araşdırmalardan sonra onların deportasiya ediləcəyini açıqlayıb.
Hücumun motivləri haqqında məlumat verilməyib.
Bazar günü onlarla Podqoritsa sakini etiraz aksiyası keçirib.
Aksiya zamanı etirazçılar Türkiyə vətəndaşlarını hədəf alan şüarlar səsləndiriblər. Podqoritsa Ali Dövlət Prokurorluğu “Türkləri öldürün” şüarı ilə bağlı iş açıb.
Hadisə zamanı Türkiyə vətəndaşlarına məxsus iki avtomobilə və bir restorana ziyan dəyib. İş, hər hansı əməlin milli, irqi və ya dini ədavətin qızışdırılması kimi cinayət tərkibinin olub-olmamasını qiymətləndirmək üçün açılıb.
Monteneqro Prezidenti Yakov Milatoviç hücumu pisləyib və bütün vətəndaşları sakit və təmkinli olmağa çağırıb.
“Polis və prokurorlar bütün təhdid formaları ilə qəti şəkildə mübarizə aparmağa borcludurlar. Monteneqronun daha məsuliyyətli miqrasiya siyasətinə ehtiyacı var: sui-istifadə və cinayətə qarşı möhkəm, qanunlarımıza hörmət edən hər kəs üçün ədalətli”, - Milatoviç bildirib.
Həm iqtidarda, həm də müxalifətdə olan siyasi partiyalar da hücum və hadisələri pisləyib, vətəndaşları təmkinli olmağa çağırıblar.
Seçilən
19
3
yeniavaz.com

4Mənbələr