Azərbaycanın nəhəng təbii qaz layihəsi “Şahdəniz” üzrə kapital və əməliyyat xərcləri 2025-ci ilin ilk yarısına olan vəziyyətə görə 46 milyard ABŞ dollarını ötüb.
bp məlumatına əsasən, bu məbləğin 30 milyard dollardan çoxu kapital qoyuluşlarına, 16 milyard dollardan artığı isə əməliyyat xərclərinə sərf olunub.
2006-cı il dekabrın 15-də istismara verilmiş yataqdan 2025-ci il oktyabrın 1-dək ümumilikdə 257,7 milyard kubmetr qaz və 51,5 milyon ton kondensat hasil olunub.
Bu həcmin 185,7 milyard kubmetri ixrac olunub, qalan 72 milyard kubmetri isə daxili bazarın tələbatının ödənilməsinə yönəldilib. Nazirliyin son statistikasına əsasən, hazırda Azərbaycanda hasil edilən əmtəəlik qazın 72,1%-i məhz “Şahdəniz” yatağından əldə olunur.
İki mərhələli hasilat: 81 milyard kubmetr “Şahdəniz-2”dən
Yatağın İkinci Mərhələsi üzrə hasilata 2018-ci ilin avqustunda başlanılıb. O vaxtdan indiyədək bu mərhələ çərçivəsində təxminən 81 milyard kubmetr qaz və 13,5 milyon ton kondensat hasil olunub. Birinci mərhələ üzrə isə ümumilikdə 176,7 milyard kubmetr qaz və 38 milyon ton kondensat çıxarılıb.
Hazırda yataqdan orta gündəlik qaz hasilatı 77,2 milyon kubmetrdir ki, bu da illik təxminən 28,2 milyard kubmetrə bərabərdir.
Quyular, rekordlar və heyət
“Şahdəniz” yatağında qaz hasilatı 31 quyudan həyata keçirilir — 11-i “Alfa” (Şahdəniz-1) platformasında, 20-si isə “Bravo” (Şahdəniz-2) platformasındadır.
Ən məhsuldar quyu isə SDA01-dir: indiyədək bu quyudan 28,3 milyard kubmetr qaz (təqribən 1 trilyon kub fut) hasil olunub. Bu quyuda illik maksimum hasilat göstəricisi 2,3 milyard kubmetr olub.
600 nəfərlik komanda
Layihənin istismarını 600 nəfərlik bp-Azerbaijan komandası həyata keçirir. Onlardan 145 nəfər dənizdəki iki platformada növbəli rejimdə çalışır, qalan heyət isə quruda və dəstək bölmələrində fəaliyyət göstərir.
Əlavə olaraq, təqribən 50 nəfər Gürcüstanda, 10 nəfər Türkiyədə və 5 nəfər isə Birləşmiş Krallıqda “Şahdəniz” layihəsinin gündəlik işlərinə töhfə verir.
N.Təbrizli