
Keçmiş İran prezidenti Məhəmməd Xatəmi ölkəsinin neftdən asılı iqtisadi strukturunu tənqid edərək bildirib ki, Türkiyə neftə malik olmasa da, turizm və sənayedə İrandan daha inkişaf etmiş bir mövqeyə çatıb.
"Khatami Media" saytının məlumatına görə, Xatəmi İranın Yəzd şəhərinə səfəri zamanı cari hadisələrlə bağlı açıqlamalar verib. Xatəmi deyib: "Türkiyənin bizim üçün model olduğunu demək istəmirəm, amma Türkiyənin bir damla da nefti yoxdur. Amma bu gün turizm və sənayedə bizdən çox irəliləyib. Bizim neftimiz var idi, onlar yox idi, amma onların turizm gəlirləri ümumi neft gəlirlərimizi üstələyir".
İranın iqtisadiyyatının neftdən asılı olduğundan şikayətlənən Xatəmi deyib:
"Körfəz ölkələrinin elm və texnologiyaya yatırdığı investisiyaları unudun; turizm gəlirlərimizi onlarınkı ilə müqayisə edin. Biz başqa xəyalların arxasınca qaçdıq. Regiondakı digər ölkələrdən geri qalmışıq. Raket proqramımız sayəsində inkişafımız yalnız hərbi sahədə olub. Buna görə də hərbi sahədə regionda üçüncü yerdəyik, lakin digər göstəricilərdə xeyli geri qalırıq".
İran prezidenti Məsud Pezeşkian da ötən həftə Urmiyada etdiyi çıxışında ölkəsinin iqtisadi sistemini tənqid edərək, "Türkiyə, Yaponiya və Koreyanın nefti və ya qazı yoxdur, amma onlar bizdən daha yaxşıdır" ifadələrini işlədib.