Yazıçı (1911, Cənubi Azərbaycan - 1993, Bakı) əsasən Cənubi Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını yazır. Bundan sonra bir-birinin ardınca səhnə əsərlərini – “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı- dramaturq Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edir.
M.İbrahimov U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A.Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edib.
Görkəmli yazıçı “Həyat və ədəbiyyat”, “Gələcək gün” “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib.
M.İbrahimov hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alıb, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib.
Mirzə İbrahimovun bu günədək aktuallığını itirməyən əsərləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.
Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var.
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.