ain.az, 525.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, qardaş ölkənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfinin birgə təşkilatçılığı ilə Ərzurum Atatürk Universitetində “Ortak Türk fəlsəfi düşüncəsinin dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpozium keçirilib.
525.az xəbər verir ki, simpoziumda Azərbaycan və Türkiyədən tanınmış alimlər, nizamişünaslar, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə türk-İslam düşüncəsinin inkişafında mühüm rolu olan Nizami Gəncəvinin zəngin ədəbi-fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və bəşəri ideyaları geniş müzakirə olunub.
Simpozium çərçivəsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarının orijinaldan türk dilinə tərcümə nəşrlərinin təqdimatı olub. Orijinalda tərcümənin müəllifi Atatürk Universitetinin professoru Nimet Yıldırımdır .

Atatürk Universitetinin rektoru professor Dr. Ahmet Hacımüftüoğlu, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli, professor Nimet Yıldırım və digər alimlər çıxış edərək Azərbaycan və Türkiyə arasında elmi-mədəni əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Nizami Gəncəvinin Xəmsəsinin türkcəyə qazandırılması” layihəsi də iki qardaş ölkə arasındakı bu bağlılığın daha bir nümunəsidir.
Simpoziumda həmçinin iki ölkənin elm və təhsil ocaqlarını təmsil edən alimlərdən - Bakı Dövlət Universitetindən Əsmətxanım Məmmədova “Nizami Gəncəvi yaradıcılığı üzərinə filoloji tədqiqatlar”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Fərrux Rüstəmov “Nizami Gəncəvinin əxlaq dərsləri”, AMEA-nın Ədəbiyyat İnstitutundan Təhminə Bədəlova “Nizami Gəncəvinin əsərlərində Türkistanın sərhədləri”, Əkbər Nəcəf “Şeir hüququ: Nizami Gəncəvinin şeiri məşrulaşdırma cəhdi”, Ağa Hacıbəyli “Nizami Gəncəvi yaradıcılığında həqiqi məhəbbət: Leyladan Mövlaya gedən sevda”, Gəncə Bölməsindən Əlimuxtar Muxtarov “Nizami və Gəncə”, Ərzurum Atatürk Universitetindən Coşkun Erdoğan “Nizami Gəncəvi və Şeyx Nizami Vəqfi üzərinə araşdırmalar, Rəcai Kızıltunç “Nizaminin dünya mədəniyyət irsinə qoyduğu miras”, Şeyda Arısoy “Türkiyədə Nizami bibliyografiyası” və Türk Mədəniyyəti və İrsi Fondundan Fərid Hüseyn “Nizami Gəncəvi yaradıcılığında ölüm fəlsəfəsi”mövzularında çıxış ediblər.
Simpozium iştirakçıları qeyd ediblər ki, Nizami Gəncəvinin yaradıcılığı təkcə tarixi deyil, həm də müasir düşüncə dünyasına istiqamət verən bəşəri məzmun daşıyır.
Elmi forum zamanı alimlər çalışdıqları tədqiqat ocaqlarında çap olunmuş elmi kitabları qarşılıqlı mübadilə ediblər.
Zakir Muradov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.