AZ

Musa Quliyev: “Əlil Təşkilatları İttifaqı dövlətçilik mövqeyi və vətənə xidmət niyyəti ilə seçilir”

Bu gün Bakıda keçirilən Əlil Təşkilatları İttifaqının (ƏTİ) 20 illik fəaliyyətinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev çıxış edib.

QHT.az xəbər verir ki, Musa Quliyev Əlil Təşkilatları İttifaqının kollektivini yubiley münasibətilə təbrik edərək, təşkilatın ölkədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində mühüm rol oynadığını qeyd edib.

“ƏTİ yaranan gündən dövlətçilik mövqeyi, vətəndaş cəmiyyətinə və millətə xidmət niyyəti ilə seçilən bir təşkilatdır. Onun fəaliyyətində məsələlərə real yanaşma, beynəlxalq əməkdaşlığa açıq olma və cəmiyyətin sosial inkişafına töhfə vermək məqsədi hər zaman ön plandadır,” – deyə Musa Quliyev bildirib.

Komitə sədri xatırladıb ki, təşkilat BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının qəbuluna və Azərbaycanda tətbiqinə töhfə verib:

“Konvensiyanın hazırlanması və tərcüməsi zamanı təşkilatın nümayəndələri fəal iştirak edib, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə veriblər.”

Musa Quliyev çıxışının sonunda Əlil Təşkilatları İttifaqına gələcək fəaliyyətində uğurlar, üzvlərinə isə cansağlığı və yeni nailiyyətlər arzulayıb.

Seçilən
20
qht.az

1Mənbələr