AZ

Erməni hərbçilər əsirləri öldürür, girovlara işgəncə verirdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 27-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsinin sürücüsü Seyidov Nadir Bədir oğlu ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və yanında olan Renad Ağababayev xəsarət alıblar.

Zeynalov Bəykişi Musa oğlunun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb, evi əşyalarla birlikdə yararsız hala düşüb. Elan edilən digər ifadələrə əsasən, Həsənov Mehman Fikrət oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəşlər nəticəsində bədən xəsarətləri alıblar.

Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.

Tevon Tağıyevin ifadəsində qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 16-da yaşadığı Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu zamanı onu, digər kənd sakinlərini və hərbçiləri girov və əsir götürüblər. Ermənistan hərbçiləri onları Xankəndi istiqamətində aparıblar. O, Kamonu, Samveli və Abonu tanıyıb. Ermənistan hərbçiləri yolda Şahmurad Hüseynovu, Həbib Hüseynovu və Zahid Xəlilovu öldürüblər. Xocavənddə olduqları müddətdə Ermənistan hərbçiləri onlara işgəncələr veriblər. Oğlu Telman Tağıyev Qaradağlı kəndində Ermənistan hərbçiləri tərəfindən öldürülüb, meyitini götürə bilməyib.

İlyasov Babək Həsən oğlu1993-cü il martın 31-də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülərkən sağ gözündən yaralansa da, ona heç bir tibbi yardım göstərilməyib. Nəticədə bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həmin vaxt babası Aslan Mirzəyev və anası Afət Mirzəyeva vəhşicəsinə qətlə yetiriliblər.

Zərərçəkmiş Bayramov Faik Səlim oğlu göstərib ki, 1993-cü il iyunun 16-da Ağdam rayonunun Yetim Cinli kəndinin yaxınlığında yerləşən gölün kənarında Ermənistan hərbçiləri tərəfindən 12 nəfərlə birlikdə əsir götürülüb. Bir həftə Ağdam rayonunda, sonra Şuşa şəhərində yerləşən həbsxanada saxlanılıblar və ağır işgəncələrə məruz qalıblar. İsmayılov Asif Sakit oğlu isə qeyd edib ki, 1994-cü il aprelin 19-da Ağdamın İlxıçılar kəndi istiqamətində əsir götürülüb. Onu və digər əsirləri Şuşa həbsxanasına aparıb 1994-cü ilin sonlarından 1995-ci ilin əvvəllərinədək soyuq, qaranlıq kameralarda saxlayıblar. Orada erməni nəzarətçilər onu və digər əsirləri vəhşicəsinə döyüb, işgəncələr veriblər. Həmin nəzarətçilərdən Arturun, Manvelin, Samvelin, Vanyanın və Jirikin adlarını xatırlayır.

Əliyev Şövqi Xəqani oğlu bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Ağdam rayonuna hücumu zamanı qardaşı Nicat Əliyev və ana babası Oktay Əliyev öldürülüb, özü, atası Xəqani Əliyev, anası Könül Əliyeva və nənəsi Zənifə Əliyeva yaralı vəziyyətdə girov götürülüblər. Xankəndi Şəhər Uşaq Xəstəxanasında bazu sümüyü əzələ qatı ilə birlikdə transplantasiya məqsədilə çıxarılıb, nəticədə ömürlük şikəst olub. Hacıyev Elman Qəhrəman oğlu ifadəsində diqqətə çatdırıb ki, 1993-cü il sentyabrın 25-də Murov dağı yaxınlığında Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, vəhşicəsinə döyülüb, ağır işgəncələrə məruz qalıb.

Kərimov Təbriz Əjdər oğlu, Səfərli Vüsal Mirzəli oğlu və digərləri isə ifadələrində 2020-ci ilin iyulunda baş verən, Azərbaycanın Milli qəhrəmanları - general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin də həlak olduqları Tovuz döyüşlərində xəsarət aldıqlarını bildiriblər.

Sonra məhkəmədə müdafiə tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunub. Arayik Harutyunyanın pasportunun surəti ilə bağlı təqsirləndirilən şəxs öz müdafiəçisinin sualını cavablandırarkən deyib ki, qondarma rejimin “ərazisi”ndə yaşayanlara Ermənistan pasportları “070” kodu ilə verilirdi. Bu pasportların Ermənistan Respublikasının vətəndaşlarına verilən pasportlardan fərqi onda idi ki, qeyd olunan pasport koduna malik şəxslər Ermənistanda keçirilən seçkilərdə iştirak edə, o cümlədən səs verə bilməzdilər. Buna baxmayaraq, pasport kodu “070” olan hər kəsin Ermənistan vətəndaşı kimi xarici ölkələrdə turizm, təhsil, səhiyyə və digər məqsədlərlə səyahət etmək hüququ var idi.

Dövlət ittihamçısı Vüsal Abdullayevin təqsirləndirilən şəxsin doğum haqqında şəhadətnaməsində anadan olduğu yerin Azərbaycan SSR-in Xankəndi şəhəri, pasportunda isə Ermənistan SSR qeyd olunması ilə bağlı “Bu, Ermənistanın Qarabağı öz ərazisi kimi sayması demək deyilmi” sualına təqsirləndirilən şəxs cavab verməkdən yayınaraq deyib ki, bu məsələni heç vaxt Ermənistanın aidiyyəti orqanları ilə müzakirə etməyib, bu məsələ heç vaxt müzakirə mövzusu olmayıb.

Dövlət ittihamçısı təqsirləndirilən Arayik Harutyunyanın sıravi şəxs olmadığını xatırladaraq, suala mahiyyəti üzrə konkret cavab vermədiyini bildirib və əlavə edib: “Cavab vermək istəmirsinizsə, bu, sizin hüququnuzdur”.

Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.

XQ

Seçilən
15
1
xalqqazeti.az

10Mənbələr