"Artıq 5 ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycanın artan beynəlxalq nüfuzu, qlobal geosiyasi gücü, beynəlxalq proseslərə təsir imkanları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir".
"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirir:
"Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qurması bu siyasətin mühüm nəticələrindən biridir. Bu gün ölkəmizin möhkəmlənən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası, tam Qələbəmiz Azərbaycanın bütün sahələrdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycanın qlobal problemlərin həllində söz sahibliyi, mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Buna bariz nümunə kimi təkcə ötən il ölkəmizin ev sahibliyi etdiyi, dünyanı Azərbaycana toplayan COP29 iqlim konfransını qeyd etmək kifayətdir. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Təbii ki, Azərbaycan bu istəyinə nail oldu. Hazırda ölkəmizin reallaşdırdığı enerji layihələri və regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin və qarşılıqlı etimadın təmin edilməsində mühüm rol oynayır. Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün birgə müraciət ünvanladılar. Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi".
Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindən biri təbii ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir:
"Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 60 minə yaxın insan yaşayır. Son beş ildə işğaldan azad edilmiş ərazilərdə 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Son beş ildə üç Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi də mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir Forum görülən işlərin təqdimatıdır. Oktyabrın 15-də Xankəndi şəhəri Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev Forum iştirakçılarına müraciətində bu rəqəmləri də açıqladı ki, regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.Bir sözlə, uğurlarımızı sadalamaqla bitməz. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın 5 illik Zəfər yolunun, eyni zamanda, milli Konstitusiyamızın qəbulundan ötən 30 ilin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir uğur, Zəfər növbəti hədəflərin, çağırışların başlanğıcıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq".