“Azersun”a yaxın olan “Xəyal Adası” yaşayış, ticarət və əyləncə kompleksi “Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib.
Banker.az xəbər verir ki, şirkətin 100 milyon manat nizamə kapitalında 30% pay sahibi olan “Agro Land Development” MMC payını “Klovan” MMC-yə ötürüb.
Şirkətin qalan səhmləri, yəni 70% üzrə sahib olan Birləşmiş Ərəb Əmirlikləri qeydiyyatlı “Global Agro Industry FZCO”nin payı isə dəyişməz qalıb.
Şirkət 2024-cü ili 647 min manata yaxın xalis mənfəətlə başa vurub. 2023-cü ildə isə şirkət 4.5 milyon manat zərər etmişdi. Şirkət hesabat dövründə 6.9 milyon manat əməliyyat mənfəəti əldə etsə də, yenidənqiymətləndirmə nəticəsində 1.9 milyon manat zərər yazaraq ilı ümumilikdə 1.3 milyon manatlıq zərərdə bağlayıb.
Gəlirlər isə əhəmiyyətli dərəcədə artıb — 2023-cü ildəki 46.5 milyon manatdan 68.3 milyon manata yüksəlib. Artımın əsas hissəsi binaların təqdim edilməsi və əyləncə fəaliyyəti üzrə xidmətlərdən qaynaqlanıb: bu sahədən gəlir 7.7 milyon manatdan 53.4 milyon manata, yəni təxminən 7 dəfə çoxalıb.
“Xəyal Adası” MMC-nin tərkibində bir neçə törəmə müəssisə də fəaliyyət göstərir. Şirkət “SUBSİ SUN Beynəlxalq Məktəb” MMC-nin nizamnamə kapitalının 500 min manatına, yəni 100%-lik paya, həmçinin “SUBSİ SUN Beynəlxalq Uşaq Bağçası” MMC-nin 100 mln. manatlıq nizamnamə kapitalına tam sahiblik hüququna malikdir.