AZ

AQTİ də qalmaqal: Qorxmaz Təhməzov onu işdən çıxardı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədr müavini Əliyeva Tamilla Aliyevna vəzifəsindən kənarlaşdırılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, T.Əliyeva hələlik “məzuniyyətə” göndərilib.

Eyni zamanda, ondan məzuniyyətinin bitdiyi gün üçün işdən çıxmasına dair ərizə alınıb.

T.Əliyevaya işdən uzaqlaşdırılmasına səbəb kimi AQTİ-də heyvan xəstəliklərinə cavabdeh şəxs olaraq dabaq xəstəliyi ilə bağlı vaxtında müvafiq işlər həyata keçirməməsi göstərilib.

Məlumata görə, AQTİ-nin laboratoriyaları hazırda heyvanlarda müşahidə olunan dabağın SAT-2 növü olduğunu aşkarlaya bilməyib. Yalnız xəstəlik geniş yayıldıqdan sonra ciddi nəzarət altında aparılan analizlər zamanı heyvanların dabağın SAT-2 növünə yoluxduğu məlum olub.

Qeyd edək ki, T.Əliyeva 1963-cü ildə anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsini bitirərək bioloq, 2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq fakültəsini başa vuraraq baytar həkimi ixtisaslarına yiyələnib. 1988-2014-cü illər ərzində Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda böyük laborant vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. 2015-2018-ci illərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsini icra edib. Sonuncu iş yeri AQTİ-dir.

O, həmçinin Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən keçirilmiş “Quş qripi və Azərbaycan Respublikasında heyvandarlıq sektorunun inkişaf Strategiyası”na dair layihələrin milli eksperti kimi fəaliyyət göstərib. Hazırda dabaq xəstəliyinə dair regional layihədə Azərbaycan Respublikası tərəfindən milli ekspert kimi çalışır. Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının Kommunikasiya və Baytarlıq Preparatlarının Nəzərəti üzrə Milli Cavabdeh Şəxsdir.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Tahir oğlu Nəbiyevdir. O, hüquqşünas və biznesmendir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı. Qurumun mövqeyini dərc etməyə hazırıq.

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
globalinfo.az

4Mənbələr