AZ

Stalindən Qorbaçova kimi... Misir Mərdanov yazır

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

“Ey mənim xalqım, ey mənim ümidim və pənahım. Ürəyimin istiliyi səndəndir. Fikrim işığını səndən alır. Həyatımın hər yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Gözəl binalar üçün mənə daş yonduran sənin eşqindir. Yolların kənarında ağac əkdirən, səhralara su gətirdən, yerin altını eşib sərvət tapdıran, çöllərdə məhsul yetirmək həvəsimi alovlandıran, qolumdan tutub yaz deyən sənsən. Alçaq əllər  məni uçuruma itələyəndə dadıma sən çatmısan, amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan”.

Mirzə İbrahimov

Azərbaycan tarixinin XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, Cənubi Azərbaycanın ucqar bir kəndində dünyaya gəlib, yetimçiliklə, min bir əziyyətlə böyüyüb ölkənin ən tanınmış şəxslərindən birinə çevrilməyi bacarmış fitri istedad, qeyrətli Vətəndaş, böyük azərbaycanlı! Doğrudan da Mirzə İbrahimov 82 illik mürəkkəb ömür ərzində, ömründən də mürəkkəb olan zəmanədə edilməsi real olmayan bütün mümkünsüzlükləri etməyi bacarmış, Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı, “Stalin” mükafatı laureatı, 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və dövrün digər onlarla yüksək mükafatlarını, Fəxri adlarını almış, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi, SSRİ xarici işlər naziri ilə bərabər statusda olan Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,  Opera və Balet teatrının direktoru və digər irili-xırdalı vəzifələrdə şərəflə çalışmış, 39 il (8 çağırış - I, II, III, IV, V, VII, VIII və X çağırışlar) SSRİ Ali Sovetinin deputatı, 1950-ci ildən 1979-cu ilədək fasilələrlə 21 il Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 nəfərdən biri olmuşdur.

Mən də bir çox insanlar kimi, ictimai fəaliyyətin insanın elmi və digər yaradıcılıq imkanlarını xeyli məhdudlaşdırdığını bilirəm. Elə bu səbəbdən də çəlimsiz, zahirən çox zəif görünən bu böyük iradəli insanın hansı tükənməz enerjiyə malik olduğuna təəccüb edirəm. Bu məqalədə onun ictimai-siyasi fəaliyyətinin bəzi məqamlarına ətraflı diqqət yetirməyə çalışacağam. Onun Cənubi Azərbaycanda Milli Azadlıq hərəkatına dəstək verməsindən İkinci Dünya müharibəsi illərində 416-cı Taqanrok Diviziyanın izi ilə Vladivostoka qədər gedib çıxmasına, Ümumdünya Sülh Tərəfdarları Konqresində  iştirakından Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Nazirlər Soveti sədrinin müavini kimi respublikada ictimai-mədəni həyatın inkişafı üçün gördüyü işlərə qədər fəaliyyəti insanı valeh edir, ancaq bununla bərabər, ədəbiyyatın inkişafı üçün də gərgin çalışmasına heyrət etməmək olmur. İnsanda nə qədər qüvvət, xalq qarşısında məsuliyyət, vətən məhəbbəti, fədakarlıq olmalıdır ki, eyni zamanda belə böyük işləri görməyi bacarasan?!

Onun ədəbi yaradıcılığı çox möhtəşəmdir, bunu hər bir azərbaycanlı yaxşı bilir, bu möhtəşəm əsərləri, onların dilini, süjet xəttini, aktuallığını, bədii priyomları ədəbiyyatşünaslar dəfələrlə təhlil etdiyinə görə bu barədə danışmayacağam. Onu bir yazıçı kimi mənə qədər də çox səciyyələndiriblər, əminəm ki, məndən sonra da bu barədə çox yazacaqlar, çünki Mirzə İbrahimov XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Bu əsərlər barədə yazılan saysız-hesabsız məqalələr, monoqrafiyalar, namizədlik və doktorluq dissertasiyaları belə bir həqiqəti təsdiq edir ki, son 100 ildə - ədəbiyyatımızın bütün mərhələlərində Mirzə İbrahimov böyük bir sənətkar kimi öz sözünü deyib. Bununla yanaşı, Azərbaycan folklorunu və klassik poeziyasını dərindən bilən, klassiklərin əsərlərini orijinaldan, yəni fars dilində oxuyan akademik Mirzə İbrahimov şifahı xalq ədəbiyyatımıza, aşıq poeziyasına, klassik irsimizin Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Marağalı Əhvədi, Molla Pənah Vaqif, Heyran xanım və başqalarının yaradıcılığına həsr olunmuş onlarla elmi tədqiqat əsəri ərsəyə gətirmişdir ki, onlar öz elmi dəyərini və aktuallığını bir çox cəhətdən bu gün də qoruyub saxlamaqdadır. Xalq yazıçısı İsmayıl Şıxlı yazır ki, Mirzə İbrahimovun bir sənətkar və ictimai xadim kimi geniş əhatəli fəaliyyəti mənə fransız maarifçilərini xatırladır. O da “ensiklopedistlər” kimi, hər şeydən əvvəl, öz xalqına yeni söz demək, yeni fikir aşılamaq istəyir.

Çox vaxt öz həyatının ayrı-ayrı epizodlarını qələmə aldığı ilk hekayələrində ictimai-siyasi mübarizə və toqquşmaları, qadın azadlığı problemini, quruculuq işlərini əks etdirən gənc Mirzə İbrahimov çox tez bir zamanda həyat fəlsəfəsini, böyük və əbədi dəyərləri, humanizm, vətənpərvərlik, xeyirxahlıq ideyalarının ritmini, ahəngini tuta bilir. Bu qeyri-adi zəka sahibi və görkəmli mütəfəkkir bütün gərgin ictimai fəaliyyəti ilə yanaşı, “Həyat”, “Madrid”, “Kəndçi qızı” kimi pyeslər, “Cənub hekayələri”, “Fırtına quşu” povestləri, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” kimi romanlar, “Böyük demokrat” kimi elmi-publisistik əsərlər, ümumilikdə 5000 səhifəyə yaxın bədii əsər yazmış, Şekspirin “Kral Lir”indən  Molyerin “Don Juan”ına kimi onlarla əsəri dilimizə tərcümə etmişdir. Məəttəl qalmamaq da olmur, nə vaxt, hansı şəraitdə, necə zaman tapıb bu qədər işləri görmək olar?!

Əvvəldən planlaşdırmışam ki, çalışacağam onun bədii yaradıcılığı haqqında heç nə yazmayım, ancaq mümkün olmur. Mirzə İbrahimovu dünyanın ən məşhur yazıçılarına bağlayan bir məqam var, burada onu qeyd etmək istəyirəm. O da bir çox görkəmli yazıçılar kimi ayrıca bioqrafik əsər, memuar yazmayıb, ancaq bədii yazılarında öz portretini yaradıb, həyat yolunu, rastlaşdığı hadisələri, gördüyü insanları qələmə alıb. Bunu tam müşahidə etmək, onu olduğu kimi görmək üçün sadəcə “Sarı sim”dən Üzeyir Hacıbəyov haqqında yazdığı (son əsəri hesab edilir) “Tufanlara kömək edən bir qələm”ə kimi bütün əsərlərini diqqətlə oxumaq lazımdır. Bu çox maraqlı və dəyərli əsərləri oxumağa vaxtı olmayanlar üçün müəyyən məlumatları, o cümlədən nə üçünsə indiyədək heç yerdə çap edilməyən, 1930-cu illərin əvvəllərində özünün ərəb əlifbası ilə qələmə aldığı tərcümeyi-halından bəzi məqamları bu məqalədə yazacağam. Məhz tərcümeyi-halın heç yerdə çap edilmədiyini nəzərə alaraq ona daha çox istinad  edəcəyəm ki, böyük şəxsiyyətin həyatının ilk dövrləri haqqında yazılan fərqli fikirlərə, tarixlərə və statistik məlumatlara dəqiqlik gəlsin.

Gün gələcəkmi?

Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də (yeni stillə 28-də) Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində (bu kəndin adı müxtəlif mənbələrdə İvə, Eyvəq, Eyvaq və s. kimi göstərilir. Biz adı çəkilən tərcümeyi-halında olan Evə toponimini əsas götürürük) dünyaya gəlmişdir. O dövrdə pasportlaşma, əhalinin siyahıya alınması və digər dəqiq mənbələr olmadığına baxmayaraq, onun anadan olma tarixini evlərində olan Quranı Kərimdə dəqiq qeyd edən babasının yazıları əsasında götürülür: “...Atam da, anam da savadsız idi, biz göz açıb bir şey qananda artıq qocalmış olan babam Fətəli də oxumamışdı. Bunu ondan bilirəm ki, o zaman Bakıda neft mədənlərində işləyən dayıma kağız yazdıranda kənd mollasının yanına gedərdilər. Buna baxmayaraq, otağımızın taxçasında sarı meşin cildi əzilib-əyilmiş Quran vardı. Babamın dediyinə görə, onu cavanlıqda Təbrizdən almışdı, çünki əvvəllər oxumaq həvəsinə düşmüşdü, lakin nə öyrədən olmuş, nə də işdən baş açıb öyrənməyə vaxt tapmışdı. Buna görə də o, ailə üzvlərinin doğulma tarixini göstərən bir növ qeyd dəftərinə çevrilmişdi. Mənim, məndən iki yaş böyük qardaşım Rzanın və ailədə hamının sevimlisi olan körpə bacım Solmazın doğulma tarixi orada qeyd olunmuşdu”.

Həmin tərcümeyi-hal ilə yaxından tanış olduqda görmək olur ki, bu insanın həyatı körpəlikdən çox ağır başlamışdır. Qapısının ağzından qışda buz bağlayan, yazda bulanıb-daşan, yayda isə tamamilə quruyan çayın axdığı boz palçıq divarlı balaca həyətdə böyüyən,  6-7 yaşlarından ev və təsərrüfat işlərinə cəlb edilən balaca Mirzə biçinə gedər, başaq yığar, onu ələyər, küzə ilə bulaqdan su gətirərmiş. Həyatın çətinliklərini normal qarşılayan, sonrakı mərhələlərdə göründüyü kimi hətta cüzi işıq gələn yerdən təsəlli tapıb özünü ovunduran böyük şəxsiyyət yazır ki, naz-nemət içində böyüməsək də, etdiklərimdən, gördüklərimdən zövq alardım,  xırman zamanı vəlin üstündə oturub öküzə hay basmaq mənə hər şeydən artıq ləzzət verərdi.

Valideynləri zəhmətsevər insanlar olan Mirzə İbrahimov uşaqlıqdan əməyə alışmış, onlardan yorulmazlıq, insanlara qayğıkeşlik, ruhdan düşməmək, mehribanlıq və sədaqət öyrənmişdir. “Atam və anam xəyalıma mehribanlıq və sədaqət rəmzi kimi daxil olmuşdu. ...Atam yaxşı toxum səpər və biçin biçərdi. Yadımdadır ki, payız axşamlarında qonşular qapımızı kəsər, ondan xahiş edərdilər ki:

- Əziyyət də olsa boyun qaçırma, sən səpən toxum yaxşı çıxır. Tarlanın bir yerində küt, o biri yerində seyrək olmur.

Biçin dövrü isə deyərdilər:

- Əjdərin əlində oraq da cana gəlir, bir sünbül yerə düşmür...

Atam heç kəsi qapıdan məyus qaytarmazdı:

- Yaxşı, gələrəm. Səhər özüm də səpinə başlayaram. İkindi çağı məni gözlə.

Anam onu danlayardı:

- Nə olub özünü əldən salırsan? Canına da yazığın gəlsin, naxoşlayıb yatağa düşəndə bu körpələrə kim baxacaq?

Atamın anama acıqlandığı mənim yadıma gəlmir, onun etiraz və danlağına sakit qulaq asar, mehriban səslə deyərdi:

- Fikir eləmə, Zəhra. Canım salamatdır, mənə heç şey olmaz.

Belə deyib atam onu sakit edər, gələcək barədə arxayınçılıq yaradardı. Anam həyəcanlı və titrək səslə:

- Bircə saat əvvəl dedin ki, heç kəsə vədə verməyəcəksən, bəs nə oldu? -deyə atamı dara qısnayardı.

- Adam adamın karına gələr, necə deyim “yox”?!

Atam heç kəsə “yox” deməzdi. Xahiş edənlərə razılıq verib yola salar və sözünə əməl edərdi”.

Onun valideynlərini itirməsi ilə bağlı da müxtəlif məlumatlar vardır,  guya 3 yaşında, 5 yaşında anasını, bir müddət sonra da atasını itirmişdir. Ancaq yazdığına görə, anası 1918-ci ildə, yeddi yaşı olarkən vəfat etmişdir: “Qış gəlib damları basanda kənd aclığın dəhşətli pəncəsinə düşdü. Aclıq birinci olaraq xəstələri və zəifləri apardı. Kənd qəbiristanı təzə qazılmış qəbirlərlə dolmaqda idi. Bizim də evdə nə yeməyə, nə satmağa bir şeyimiz qalmadı. Babam, sonra da körpə bacım vəfat etdi. Aclığın ən ağır zamanında anam süpürgəni götürüb təndirin divarlarını süpürdü, bir cam torpaq qarışıq un çıxarıb horra bişirdi. Bu bizim Evə kəndində yediyimiz son xörək oldu. Səhər alaqaranlıqda atam bizi oyatdı:

- Durun bala, ananız gedir, axırıncı dəfə görüşün, - dedi və üzünü yana çevirdi...

Kürsünün yanında, soyuq torpaq döşəmədəki cırım-cındır kilimin üstündəki çox nimdaş bir yataqda anam can verirdi. Onun dən düşmüş qara saçları çiyinlərinə səpələnmişdi. Huşu özündə idi. Bir əli ilə məni, o biri əli ilə qardaşımı qucaqlayırdı, atama baxdı, elə bu halda da gözləri axıb getdi...”

Bu dəhşətli hadisədən sonra Əjdər kişi daha kənddə duruş gətirə bilmirdi, digər tərəfdən də kənddə olan acınacaqlı vəziyyət, ehtiyac və aclığın tüğyan etməsi onun fikrini qətiləşdirirdi. Həmin dövrdə bütün dünyada, o cümlədən İranda baş verən siyasi hadisələr böyük iqtisadi problemlər yaratdığından əməyini (bir çox hallarda canını da) satıb ailəsini aclıqdan xilas etmək istəyən minlərlə Cənublu Bakıya - neft çıxdığı üçün ucuz işçi qüvvəsinə ehtiyac duyulan şəhərə fəhləliyə üz tuturdu. Bir-birinə oxşayan, öz yoxsul görkəmi ilə seçilməyən, çiy kərpicdən tikilən balaca evləri, komaları olan Evə kəndində də Bakı haqqında müxtəlif rəvayətlər dolaşırdı.

Balaca Mirzənin dayısı Məşədi Ağabala əsrin əvvəllərindən həmin şəhərdə idi, ailəsinə yazdığı məktublardan, göndərdiyi pullardan məlum olurdu ki, orada kənddə mahiyyəti bilinməyən dartayçı işləyir, Balaxanıdan Zabrata gedən yolda bir fəhlə kazarmasında yaşayır, tanıdığı adamlar da var... Kazarmanı dəbdəbəli yaşayış yeri, dartayçılığı mötəbər vəzifə hesab edən Evəlilərin bir çoxu Bakıya getmiş, burada özünə yeni həyat qurmağa başlamışdı: “Daha bu kənddə qalmaq olmaz, - atam belə deyib mitil, yorğan-döşəkdən bir bağlama düzəltdi. Qapını qıfılladı, dama çıxıb bacadan açarı içəri atdı, üzünü bizə tutdu:

- Bu, sizin ata-baba yurdunuzdur,- dedi, - işdir, mənim başıma bir iş gəlsə, bir-birinizə həyan olun, böyüyəndə kəndimizə qayıtsanız, bacadan düşüb açarı götürün, qapımızı çıraqsız qoymayın!

Atam da on minlərlə Cənubi azərbaycanlılar kimi üzünü Bakıya tutub yola düşdü. Əlbəttə, o zaman bu yol çox ağır idi. Pulsuz-parasız, piyada, iki uşaqla Bakıya gəlib çıxmaq asan deyildi. Biz böyük əziyyətdən sonra neçə gün yol gedib Ərdəbilə çatdıq, Oradan Astara və Lənkəran yolu ilə Bakıya üz tutduq. Yollar minlərlə bizim kimi Bakıya iş və çörək ardınca gələnlərlə dolu idi. Arvad, uşaq, qoca, cavan bir-birinə qarışmışdı”.

Kənddəki dözülməz vəziyyət, aclıq, xəstəliklər isə tüğyan edirdi və Mirzənin anası Zəhra xanım bu bəlanın qurbanı olandan sonra Əjdər kişi iki oğlunu götürüb Bakıya yol aldı. Ancaq Balaxanı, Suraxanı, Sabunçu neft mədənlərini, palçığı dizə çıxan, bəzi yerlərinə daş döşənmiş küçələri gəzə-gəzə, soraqlaşa-soraqlaşa işdən yorğun-arğın qayıdan fəhlələrin arasında dayını tapa bilmirlər. Bakının yüz minlərlə əhali yaşayan böyük bir şəhər olduğunu və soraqlaşmaların bir nəticə vermədiyini gördükdə:

- Burada it yiyəsini tanımır! - deyən Əjdər kişi ümidini üzmüşdü.

Atası Bakıya çörək pulu qazanmağa axışan həmyerlilərinin köməkliyi ilə  çətinliklə Sabunçuda balaca həyəti olan iki mərtəbəli bir evin qaranlıq zirzəmisində yer kirələyib pulunu işə düzəldikdən sonra verəcəyinə vəd verərək iki uşağı ilə orada məskunlaşdı. Yazıq kişi Nobelin, Mantaşovun, Musa Nağıyevin, Murtuzayevin mədənlərinə müraciət etdisə də, iş tapa bilmədi. Mirzə İbrahimov yazır: “Atam xəstələnərək 1919-cu ilin təqribən fevral və mart aylarında bizim gözümüzün qabağında vəfat etdi. Mən onun vəfat edərkən gah qardaşıma, gah da mənə dikilən min həsrətlə dolu gözlərini heç vaxt unutmamışam. Sanki bu gözlər deyirdi: “Mən sizi kimin ixtiyarına qoyub gedirəm?” Atamın vəfatından bir həftə sonra qardaşım Rza da vəfat etdi: Uzun ehtiyac və aclıq onların hər ikisini əldən salmışdı.

Mən tamamilə tək qaldım və neçə gün küçələrdə yaşadım”.

8 yaşlı arıq, çəlimsiz Mirzə bu nabələd şəhərdə, tanımadığı mühitdə tamamilə tək qalır. Zavallı tifilə rəhmi gələn fəhlə ailələri onu həyətlərinə aparıb bir neçə gün saxlayırlar və dayısını axtarmağa başlayırlar. “Soraq-soraqla nəhayət dayım Məşədi Ağabalanı tapdılar. O, Nobelin və Mantaşovun mədənlərində dartayçı idi. Məni böyük mehribançılıqla və ağlaya-ağlaya bağrına basdı: onun öz arvadı və uşaqları da Cənubi Azərbaycandakı aclığa tab gətirməyərək qırıldığından ürəyi dağlı idi.

1919-cu ilin axırlarına kimi mən dayımın yanında, Sabunçu mədənlərindən birinin fəhlə kazarmalarında qaldım”.

Lakin 8 yaşlı uşağın kazarmalarda uzun müddət qalması mümkün olmur, müxtəlif problemlər yaranır, ən böyük narahatlıqlar isə Mirzənin yeməyi, yatmağı, əyin-başı ilə bağlı olur. Uşağın bütün gün ərzində ac, baxımsız qaldığından narahat olan dayısı acından ölməmək üçün dartayçıların böyüyü usta Qiyasdan xahiş edib Mirzəni onun həyətində nökərçiliyə düzəldir. Bir müddət o həyətdə işləyir, ancaq maddi vəziyyətin ağırlığı Qiyasa həyətdə əlavə bir uşaq saxlamağa, onu yedizdirməyə imkan vermir və dayısı onu həmin həyətdən götürməli olur. Yenə kazarmaya qayıdan Mirzə üçün dayısı yeni iş yeri axtarmağa başlayır. Bir müddət çox ağır günlər yaşayır, dayısına yük olmaq balaca ürəyinin qüruruna sığmır, ancaq gecələr acından gözlərinə yuxu getmir, gündüzlər də cansız olduğuna görə heç kəs yaxın buraxmadığı üçün iş tapa bilmir.  Nəhayət dayısı onu Zabrat kəndində Yunis bəy adlı bir kişinin evinə işə düzəltdi. Mirzə İbrahimov sonralar yazırdı ki, Xalq yazıçısı adı alanda, Nazirlər Sovetinin sədr müavini,  Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifələrinə təyinat alanda bu qədər sevinməmişdim, bəyin həyətində nökərlik edəcəyimi eşidəndə elə bil dünyanı mənə bağışladılar.

“Bir ay sonra dayım məni Zabrat kəndində Yunis bəy adlı o zamana görə az çox varlı bir evə işə düzəltdi. Burada da eyni işlərdən başqa bir də ata baxmalı idim - onu ovdanlara suvarmağa aparır, cidarlayıb otarır, axşam axuruna yem tökür, səhər altını təmizləyirdim. Lakin bundan da ağır iş, iki kilometrə qədər aralı olan mədənlərdəki gölməçələrdən vedrələrə neft yığıb çiynimdə kəndə daşımaq idi: o zaman Bakının çox yerində çörək və xörək bişirmək, ev qızdırmaq, paltar yumaq və sairə məqsədilə quyudan çıxan təbii neft yandırırdılar. Mənim olduğum Yunis bəyin evində də bu qayda hakim idi. Hər gün və ya günaşırı gölməçələrdən neft yığıb gətirmək mənim boynuma düşmüşdü. Yalnız yay aylarında bu işdən canım qurtarardı, çünki yayda bütün ailə Ləhiş bağlarına köçürdü. Yunis bəygilin iki bağı vardı, ev bağı, çöl bağı. Ev bağında özləri olurdu, çöl bağında mən qarovul çəkirdim. Bakı bağlarını mən orada sevdim. Bütün günü tək-tənha bağda olur, sarı təmiz qumun üstünə yatmış meynələrin arasında gəzir, tut ağacının altında uzanıb dincəlir, axşamlar isə açıq qumun üstündə oturaraq mavi ulduzlu göylərə baxıb xəyala getməkdən doymurdum.

Burada mənim ürəyimdə qəribə isti duyğular oyanır, xəyalım uzaqlara gedirdi. Elə ki, payız düşürdü, bağdan köçürdük. Ağır zəhmətlə dolu həyatım başlayırdı, bu evin Qızlar ağası adlı kiçik qızı, munis və mehriban idi. Mənimlə yaxşı rəftar edərdi, hərdən öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib mənə verirdi. Qarı arvad Fatmanisə və yaşı qırxdan keçdiyinə baxmayaraq, ərə getməmiş Kiçkinə adlı böyük qız isə acıqlı idilər, daim deyinər, narazılıq göstərər, mənə iş buyurmaqdan yorulmazdılar. Mən isə o qədər yorulardım ki, axşamlar sement dəhlizdə daş kimi yatardım...”

Aradan uzun illər keçəndən sonra, 40-cı illərdə Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işlədiyi vaxtlarda bir gün katibəsi deyir ki, yanınıza çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız Mirzə İbrahimovun adını eşidəndən sonra o illər yadına düşüb, onu axtarıb tapır və dərdini danışır, məlum olur ki, Sovet hökuməti qurulandan sonra atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Həmin ağır illərdə Mirzə İbrahimov ona əlindən gələn yardımı edir. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəyəm deyir, amma bir daha heç vaxt gəlmir. Böyük insan onu çox axtarır, ancaq tapa bilmir...

“Təhsil - insanı dəyişə bilən ən güclü vasitədir” (Əbu Turxan).

Mirzə 11 yaşında Sabunçuda açılan orta məktəbə, 15 yaşında isə Balaxanıdakı Fabrik-zavod məktəbinə (peşə məktəbi) gedir. Bu məktəblərdə oxuyarkən də müxtəlif işlərdə çalışır, gah Sabunçu vağzalında su satır, gah yük daşıyır, fəhləlik edir: “Bakıda ailə qurduğu arvadını, onun qoca anasını, təqribən mənim yaşda olan oğlunu da saxladığından və özlərinin də uşağı olduğundan dayım maddi cəhətdən çətinlik çəkirdi. Buna görə də məni bir işə düzəltmək istəyirdi. Bu o demək idi ki, mən məktəbdən ayrılım. Bunu eşidəndə çox pis oldum. Mənim ağladığımı görüb dayım bu qərara gəldi ki, məktəbdən sonra vağzalda irisdən, papirosdan satıb gündəlik çörək pulumu çıxarım. Mən məmnuniyyətlə buna razı oldum. Dərslərimi gündüz saat 11-12-də qurtarardım. Kitablarımı kəmərimin altına bağlayıb boynuma balaca qutu asaraq Sabunçu vağzalında gün batana qədər qışda papiros və iris, yayda isə su satar, gündə bir manata qədər qazanıb xərcimi çıxarardım. Vaxt olan kimi kitablarımı kəmərimin altından çıxarıb oxuyardım. Lakin bu vəziyyət məni çox sıxırdı, bunu məktəb yoldaşlarımdan, müəllimlərimdən gizli saxlayırdım, onlardan birisini vağzalda görəndə qaçıb gizlənirdim ki, gözlərinə dəyməyim - sanki alçalırdım”.

Peşə məktəbi gələcək böyük yazıçının həyatında mühüm rol oynayır. Burada dərs deyən müəllimlər, oxuduğu kitablar, yorulmadan çalışması Mirzəni dəyişdirir, gələcəyi haqda onda nikbin xəyallar yaradır: “Bizim sənət məktəbinin şagirdləri arasında çox yüksək ruh var idi... Burada bizə Azərbaycan maarifinin və məktəbinin tanınmış xadimlərindən olan İbrahim İbrahimbəyli, Azərbaycan Dövlət Universitetinin müəllimi olan Cəlil İbrahimov, Qambay Vəzirov, böyük şairimiz Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov kimi müəllimlər dərs deyirdi. Onlar daima bizdə geniş maraq oyatmağa çalışır, ata mehribanlığı və tələbkarlığı ilə çalışmağa ruhlandırır, yeri düşdükcə böyük alimlərin həyatı, uşaqlığı ilə də tanış edir, onların ancaq səy və çalışmaqla o dərəcəyə çatdıqlarını deyirdilər. Mehdixan Vəkilovun şirin danışıqlarına biz elə valeh olardıq ki, zəngin çalındığından xəbər tutmazdıq. Səməd Vurğunla mənim ilk tanışlığım da o zaman Mehdixan müəllim vasitəsi ilə qiyabi olmuşdu. Mehdixan Vəkilov Səmədin bir çox şeirlərini əl yazması halında bizə oxuyur, onun orijinal və qaynar həyatından maraqlı səhnələr nəql edirdi.

Ədəbiyyata ilk həvəs də məndə bu dövrdə, yəni 1927-1928-ci illərdə oyanmışdı”.

Fabrik-zavod məktəbini bitirdikdən sonra Mirzə mədəndə usta köməkçisi işləyir, sonra Neft Sənaye Texnikumuna daxil olur. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, şanlı tarixi və yaxşı ənənələri olan həmin texnikumda vaxtilə Mirzə İbrahimovdan savayı, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri - Fərman Salmanov, Əliş Ləmbəranski, İsmayıl İbrahimov, Süleyman Vəzirov, Əli Quliyev, Şamil Əzizbəyov və başqaları təhsil almışdı. 

Mirzə İbrahimov texnikumda da yaxşı oxuyurdu, riyaziyyata isə böyük həvəsi vardı. Əsərlərində yazır ki, bir dəfə beş misalı hamıdan tez həll etdiyinə görə İbrahimov familiyalı müəllim ona loqarifma cədvəli bağışlamışdı.

Neft Sənaye Texnikumunda oxuduğu illərdə Mirzə eşitmişdi ki, Seyid Hüseyn adlı məşhur bir yazıçı o vaxtlar texnikumun yerləşdiyi Vorovski qəsəbəsindəki (indiki  Azadlıq Prospekti yaxınlığında, Binəqədi rayonu ərazisində) kitabxanaya gəlib ədəbiyyat həvəskarları ilə görüşür, onların şeir və hekayələrini dinləyir, dəyərli məsləhətlər verir. Mirzə də həmin fəhlə ədəbiyyat dərnəyinə üzv yazılır. Burada Seyid Hüseynin ədəbiyyat haqqında söhbətlərinə qulaq asır, utana-utana ilk hekayələrini (“Zöhrə”, “Mələk”) ustada oxuyur. Cavan oğlanın fitri istedadını görən Seyid Hüseynin köməyi ilə həmin hekayələr dövri mətbuatda çap olunur. Bu barədə böyük yazıçı sonralar yazırdı: “Fabrik-zavod məktəbini də 1929-cu ildə qurtarıb Balaxanı rayonunun 6-cı mədənində çilingər köməkçisi işləməklə neft texnikumunun axşam şöbəsinə daxil oldum. Gündüzlər altı saat mədəndə işləyir, axşamlar da dörd-beş saat texnikumda oxuyurduq. Həmin ildə Vorovski qəsəbəsindəki kitabxananın yanında fəhlə ədəbiyyat dərnəyi təşkil olundu və mən oraya yazıldım.

Xoşbəxtlikdən bizim dərnəyə Azərbaycanın ən tanınmış yazıçılarından biri, duzlu hekayələrini sevə-sevə oxuduğumuz Seyid Hüseyn rəhbərlik edirdi. O çox mülayim təbiətli, səbirli və xeyirxah bir adam idi. Ortaboy, enli kürəkləri, eynək taxdığı iri ağıllı gözləri vardı. Həmişə əlində əsası olardı. Hər həftə Bakının “Kukuşka” adlanan balaca qatarı ilə - o zaman elektrik tramvayının yalnız Bakı-Sabunçu xətti hazır idi, o biri rayonlarla əlaqə xeyli çətin idi və vaxt tələb edirdi - Vorovskiyə gələr, saatlarla bizimlə ədəbi məşğələ aparardı. Adətən Seyid Hüseyn bizə ədəbiyyatın  əhəmiyyətindən, ədəbi məktəblərdən, yazıçılıq texnikasından danışar, sonra dərnək üzvlərinin əsərlərini oxudar, oxunan əsər haqqında bizim fikrimizə qulaq asar, axırda özü yekun vurardı. Onun təşəbbüsü ilə kitabxananın yanında mətbəə üsulu ilə aylıq ədəbi vərəqə buraxılırdı, orada həm dərnək üzvlərinin bədii əsərləri, həm də ayrı-ayrı kitablar haqqındakı mülahizələri çap olunurdu. Hansısa bir kitab haqqında isə mənim ilk yazım orada çıxmışdı. Dərnəkdə ən çox bəyənilən əsərləri isə Seyid Hüseyn seçib özü ilə aparar, üzərində işlər və mərkəzi mətbuatda çap etdirərdi. Mənim “Şərq qadını” jurnalında çap olunmuş “Mələk” və “Zəhra” adlı ilk hekayələrim də bu yolla mətbuatda çıxmış və məni yazıçılığa son dərəcə ruhlandırmışdı”.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
525.az

1Mənbələr