AZ

Əslində hədəf Paşinyan yox, Azərbaycanla sülh prosesini dayandırmaqdır...


Məhərrəm Zülfüqarlı: “...İndi 1999-cu il deyil və revanşist qüvvələrin qələbə çalmaq ehtimalı çox azdır”

Ermənistanın daxilində bir sıra qüvvələr var ki, bütün güclərini sülh prosesini pozmağa yönəldiblər. Əllərindən gələni edirlər ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi getməsin və sülh müqaviləsi imzalanmasın.

Bir sözlə, bu gün də Ermənistanda revanşistlər, kilsə, Rusiya yönümlü qüvvələr Paşinyana qarşı birləşiblər. Ermənistanın keçmiş prezidentləri – R.Köçəryan, S.Sarkisyan, Rusiyanın dəstəklədiyi şəxslər, mifik "Böyük Ermənistan" xülyasına vurğun olan ictimai hissə də həmçinin bu yanlış mövqeyi tutub. Bunlar hamısı revanşa hazırlaşırlar ki, Paşinyanı devirib hakimiyyətə gəlsinlər. Gələn il keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın uduzması üçün əllərindəki bütün imkanları səfərbər ediblər ki, baş nazir qalib gəlməsin və bunların çirkin niyyətləri gerçəkləşsin.

Bu günlərdə N.Paşinyan özü də parlamentdəki çıxışında bildirib ki, əgər sülh prosesi dayansa münaqişə yenidən bərpa oluna bilər. O da öz növbəsində revanşistlərin məqsədləri barədə xəbərdarlıq etdi.

Gələn ilin yayında Ermənistanda parlament seçkiləri nə ilə nəticələnə bilər? Nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasında sülhün taleyi bundan asılıdır. Yəni Paşinyanı məğlub edə bilsələr, revanşist qüvvələr ilk növbədə Azərbaycanla sülh prosesini dayandıracaqlar. Yəni antipaşinyan qüvvələrin əsas hədəfi yalnız Paşinyanı yıxmaq deyil, eyni zamanda Azərbaycanla sülh prosesini pozmaqdır.

“Amma yenə də arxayınlaşmaq olmaz, çünki parlament seçkilərində Rusiyapərəst qüvvələr, kilsə, revanşistlər hər cür təxribata əl ata bilərlər”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistandakı hazırkı vəziyyət müxtəlif dövrlərdə də olub, bu gün də təkrar olunur. M.Zülfüqarlının sözlərinə görə, 1999-cu ildə İstanbul sammiti ərəfəsində ABŞ Azərbaycan-Ermənistan münaqişəsini aradan qaldırmaq üçün təşəbbüs göstərdi və müsbət nəticənin olması gözlənilirdi, amma çox təəssüf, o zaman narazı qüvvələr Ermənistan parlamenti binasına daxil olub oranı darmadağın edib sülhə meylli qüvvələrin hamısını güllələdilər. “Bunlar hamısı Rusiyapərəst, Rusiya tərəfindən idarə olunan Ermənistanın siyasi qüvvələridir. İndi də onlar Paşinyana qarşı çeviriliblər. Burda bir müsbət cəhət odur ki, Rusiya 1999-cu ildəki Rusiya deyil, artıq özü çökməyə doğru gedir. Ukrayna ilə müharibədə küncə sıxılıb.

Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını və sülh sazişinin imzalanmasını istəyir. Buna isə məlum qüvvələr imkan vermək istəmirlər. Yəni təhlükə qalır. Amma əvvəlki illərdən fərqli olaraq, qüvvələr nisbəti, beynəlxalq aləm, o cümlədən Amerikanın bu prosesə dəstək verməsi göstərir ki, indi 1999-cu il deyil və revanşist qüvvələrin qələbə çalmaq ehtimalı çox azdır. Amma yenə də arxayınlaşmaq olmaz. Çünki parlament seçkilərində Rusiyapərəst qüvvələr, kilsə, revanşistlər hər cür təxribata əl ata bilərlər. Buna görə də regionda sülh istəyən, müharibənin baş verməməsində maraqlı olan qüvvələr indidən tədbir görməlidir ki, hər hansı bir təxribat baş tutmasın.

Bu qüvvələrin əsas məqsədi odur ki, yenidən hakimiyyətə gəlib Azərbaycanla sülh prosesini dayandırsınlar. Məqsədləri budur. Amma fikrimcə, indiki siyasi mühit bu proseslərə daha nikbin baxmağı təlqin edir. Müharibəpərəst, revanşist qüvvələrin qələbə çalma ehtimalının az olduğunu nəzərə alaraq ümid edirik ki, yaxın gələcəkdə regionda sülhün daha möhkəm təməli qoyulacaq və sazişin imzalanması üçün geniş imkanlar açılacaq”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Seçilən
51
baki-xeber.com

1Mənbələr