AZ

Niderlandda seçkilər ərəfəsində ifrat sağçılar favorit mövqedədirlər

Haaqa, 28 oktyabr, AZƏRTAC

Niderland seçiciləri 11 ay ərzində ikinci dəfə parlament seçkilərinə gedir. Rəy sorğularına görə, oktyabrın 29-da keçiriləcək səsvermə ərəfəsində Xert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası (PVV) birinci yerdə qərarlaşıb və öz antiimmiqrasiya proqramını milli plebisitə çevirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, sağ-liberal və xristian-demokrat partiyaların onunla koalisiya qurmaqdan imtinası X. Vildersin baş nazir postuna yiyələnməsinə mane ola bilər. 2023-cü ilin noyabr seçkilərində PVV partiyası 150 deputat yerindən 37-ni qazanaraq birinci olmuşdu. Uzun danışıqlardan sonra 2024-cü ilin iyulunda yüksək vəzifəli məmur Dik Şofun rəhbərliyi ilə koalisiya hökuməti quruldu. Lakin bu hökumət cəmi bir il davam etdi – 2025-ci ilin iyununda X. Vilders hökuməti buraxaraq, növbədənkənar seçkiləri elan etdi.

X. Vilders iddia edir ki, əvvəlki hökumət ortaqları onun “Ən sərt sığınacaq siyasəti” şüarına uyğun proqramını həyata keçirməkdən imtina ediblər. “Bu seçki ölkəni xilas etmək üçün son şansdır”, – deyə o, öz tərəfdarlarına müraciət edib.

Rəy sorğuları göstərir ki, PVV bir neçə mandat itirsə də, yenə ölkənin birinci partiyası olaraq qalacaq. Onun ardınca yaşıllar və sosial-demokratlardan ibarət “GroenLinks-PvdA” və Xristian Demokrat Partiyası (CDA) gəlir.

Seçicilərin 40%-i hələ qərarsızdır

Niderland cəmiyyətində siyasi böhran və narazılıq açıq hiss olunur. 2023-cü ildə 77 faiz seçici səs vermişdi, lakin bu il iştirak nisbətinin aşağı düşəcəyi gözlənilir. Sorğulara görə, xüsusilə mərkəz və sağ elektoratda təxminən 40 faiz seçici hələ kimin lehinə səs verəcəyini müəyyən etməyib.

X. Vilders seçki kampaniyasını terror təhdidi səbəbilə qismən dayandırıb və yalnız bir debatda – oktyabrın 23-də SBS kanalında iştirak edib. O, digər namizədlərlə üz-üzə gəlməkdən imtina edərək özünü sistemin alternativi kimi təqdim edir. X. Vildersin fikrincə, ölkənin əsas problemi qaçqın axını və islamlaşmadır. Statistikaya görə, 2023-cü ildə Niderland əhalisinin 6 faizini müsəlmanlar təşkil edib.

İfrat sağçı düşərgədə JA21 (Ədalətli Cavab 2021) partiyası diqqət çəkir. Joost Eerdmans tərəfindən 2021-ci ildə yaradılan bu liberal-mühafizəkar hərəkat iqlim siyasətlərinə qarşı çıxır, dövlət aparatını kiçiltməyi və Avrozona üzvlüyünü yenidən müzakirəyə çıxarmağı təklif edir.

Ekspertlər hesab edirlər ki, J. Eerdmansın daha mülayim tonda çıxışları bəzi Vilders tərəfdarlarını cəlb edə bilər.

Koalisiya qurmaq çətin olacaq

Parlamentdə hazırda 15 siyasi partiya təmsil olunur və bu, sabit çoxluq formalaşdırmağı çətinləşdirir. 2024-cü ildə hökumətin qurulmasını asanlaşdırmaq üçün Baş nazir vəzifəsindən imtina edən X. Vilders bu dəfə mütləq hakimiyyətə gəlmək istədiyini açıq bəyan edib.

Lakin liberallar və xristian-demokratlar artıq onunla əməkdaşlıqdan imtina edirlər. CDA-nın yeni lideri Henri Bontenbal rəqibi ilə hər cür yaxınlıqdan qaçaraq siyasəti darıxdırıcı, amma etibarlı etməyi üstün tutduğunu deyib.

X. Vildersin yeganə mümkün tərəfdaşları ifrat sağçı “JA21”, “Forum for Democracy” (FVD) və BBB fraksiyaları ola bilər, lakin bu ittifaq belə 76 mandatlıq çoxluğu təmin etmir.

Müstəqil analitiklər xəbərdarlıq edirlər ki, ifrat sağ qüvvələrin yüksəlişi Niderland demokratiyasının əsaslarına təhdid yaradır.

Niderland xalqı çərşənbə günü növbəti dəfə seçki məntəqələrinə gedəcək. Bu seçki çoxları üçün Avropada populizmin növbəti sınağı kimi görünür və onun nəticələri yalnız Haaqada deyil, bütün qitədə diqqətlə izlənəcək.

Seçilən
35
1
azertag.az

2Mənbələr