AZ

Üç Qafqaz ölkəsini gözləyən ümumi təhlükələr...


Şakir Ağayev: “Cənubi Qafqaz üçün təhlükə hər yerdən gələ bilər”

“Novosti-Qruziya”nın yaydığı məlumata görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mamuka Mdinaradze Tbilisiyə rəsmi səfərləri çərçivəsində Ermənistan və Azərbaycandan olan həmkarları ilə görüşüb.

25 və 26 oktyabr tarixlərində keçirilən müzakirələrdə regional sabitliyin və informasiya mübadiləsinin prioriteti vurğulanıb.

Oktyabrın 25-də Mdinaradze Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevlə görüşüb və görüşdə iki ölkənin strateji tərəfdaşlığı və gələcək təhlükəsizlik təşəbbüsləri, o cümlədən məlumat və təcrübə mübadiləsinin intensivləşdirilməsi müzakirə olunub. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri qeyd edib ki, "İki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlıq Gürcüstan və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verir".

Agentlik Mdinaradzenin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşü barədə məlumat verib. DTX-nin məlumatına görə, tərəflər Gürcüstan və Ermənistan arasında dostluq münasibətlərini, təhlükəsizlik sahəsində tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional çətinlikləri müzakirə ediblər. Xüsusilə ikitərəfli koordinasiya və məlumat mübadiləsinə diqqət yetirilib.

Mdinaradze Gürcüstanın Cənubi Qafqazda sülhün möhkəmləndirilməsindəki müsbət rolundan danışıb.

Üç Cənubi Qafqaz ölkəsinin DTX rəhbərləri bir-biri ilə informasiya və təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar. Bu üç ölkə üçün ümumi olan təhlükə problemi haradan gəlir?

“Bura İran da, Rusiya da, Fransa və İngiltərə başda olmaqla Avropanın bəzi dövlətləri də, ABŞ da aiddir”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, üç Cənubi Qafqaz ölkəsinin Dövlət Təhlükəsizlik Xidməti rəhbərlərinin görüşməsi müsbət haldır. Ş.Ağayev hesab edir ki, bu görüş Azərbaycanla Ermənistan arasında gələcəkdə sülh müaviləsinin bağlanılması, təhlükəsizlik prioritetləri, Cənubi Qafqazın sabitliyinin, regionun təhlükəsizliyinin təmin olunmasında səylərin birləşdirilməsi baxımından çox mühüm məsələdir. “Sözsüz ki, indiyə qədər Cənubi Qafqazda təhlükə mənbəyi elə Ermənistanın özü idi. Bu heç kimə gizlin deyil. Azərbaycanın torpaqlarını işğal etmişdi, hətta Gürcüstana da ərazi iddiası irəli sürürdü. Cavaxeti məsələsi hamının yadındadır. Azərbaycan 44 günlük müharibədə qazandığı zəfərdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaratdı, bölgəyə sülh, stabillik gətirdi. Ermənistan məğlub ölkə kimi bunu qəbul etməyə məcbur idi və etdi də. Ermənistanın indiki hakimiyyəti anlayır ki, Cənubi Qafqazın sabitliyi ilk növbədə region ölkələri ilə birgə əməkdaşlıqdan keçir.

Cənubi Qafqaz üçün təhlükə hər yerdən gələ bilər. Cənubi Qafqaz böyük güc dövlətlərinin həmişə maraq nöqtələrinin toqquşduğu yerdir. Bura İran da, Rusiya da, Fransa və İngiltərə başda olmaqla Avropanın bəzi dövlətləri də, ABŞ da aiddir. Yəni istənilən iri dövlətin maraqları təmin olunmayanda istənilən təhlükə ola bilər. Burda söhbət bir dövlətdən deyil, regionda maraqları olan böyük dövlətlərdən gedir”.

Ş.Ağayev qeyd etdi ki, Cənubi Qafqaz Mərkəzi Asiyaya gedən, Yaxın Şərqə açılan yollardır.

Ş.Ağayevin sözlərinə görə, hələ sülh müqaviləsi imzalanmayıb, Zəngəzur dəhlizi açılmayıb. “Böyük dövlətlərin maraqlarının toqquşduğu istənilən bölgədə də həmişə təhlükə olur. Bu baxımdan, Cənubi Qafqaz üçün də təhlükə realdır. Bu təhlükələrin dəf edilməsi üçün üç dövlətin birgə səylər göstərməsi, birlikdə mübarizə aparması çox önəmlidir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinin bu görüşdə Azərbaycanın mövqeyini bir daha ortaya qoyması çox önəmli bir məsələdir. Bu üç region dövlətinin təhlükəsizlik məsələsini müzakirə etməsinin məqsədi odur ki, gələcəkdə Cənubi Qafqazda sabitliyi pozmaq istəyən qüvvələrin törədəcəyi təhlükələrin qarşısı vaxtında alınsın. Azərbaycanla Gürcüstanın mövqeyi aydındır. Ümid edək ki, Ermənistan bu məsələlərdə səmimiyyət göstərəcək, səmimi olacaq, əvvəlki kimi hansısa qüvvələrin alətinə çevrilməyəcək”-deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA

Seçilən
27
baki-xeber.com

1Mənbələr