AZ

Vergi güzəştinin ləğvi bu maşınların satışını artıracaq - AÇIQLAMA

Gələn ildən Azərbaycana gətirilən hibrid avtomobillər üçün vergi güzəştlərinin ləğv ediləcəyi barədə gözlənilən qərar indidən bazarda həmin maşınların qiymət artımına səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirdi ki, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı "Azərbaycan 2030 Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər" sərəncamında beşinci prioritet kimi "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" hədəfi vurğulanır:

"Bu hədəfə çatmaq üçün, yalnız ümumi iqtisadiyyat deyil, bütün sektorlar, o cümlədən avtomobil və nəqliyyat sektoru da diqqət mərkəzində olub. O dövrdə Azərbaycandakı avtomobil parkının 86%-i artıq 10 ildən yuxarı yaşı olan köhnəlmiş avtomobillərdən ibarət idi. Bu problemin həlli üçün, xüsusilə elektrik və hibrid avtomobillərə xüsusi güzəştlər tətbiq edilməyə başlayıb. Bu güzəştlər həm köhnə avtoparkın yenilənməsi, həm də taksi parkının modernləşdirilməsi baxımından çox mühüm bir addım olub. Bundan əlavə, utilizasiya proqramı da tətbiq edilərək köhnəlmiş avtomobillərin yeniləri ilə əvəzlənməsi təmin edilib. Artıq ikinci il üzrə utilizasiya davam edir. Bütün bu tədbirlər yaşıl artım ölkəsi olmaq yolunda irəliləməyimizə mühüm töhfə verib".

Müsahibimizin fikrincə, gələcəkdə hibrid avtomobilləri ilə bağlı vergi güzəşti müddətinin bitməsi və müddətinin artırılması məsələləri bazarda müəyyən dəyişikliklərə səbəb ola bilər:

"Bu, xüsusilə daxili yanma mühərrikli yeni avtomobillərin satış tempinin artmasına gətirib çıxaracaq. Eyni zamanda, ikinci əl avtomobillərin satışında da beş-altı yaşlı avtomobillərin satış həcminin artacağı gözlənilir. Elektrik avtomobilləri isə hibridlərdən nisbətən daha az satılsa da, satış tempinin artması gözlənilir. Bunun səbəbi, elektrikli avtomobillərə olan tələbin artırılmasıdır. Azərbaycanda elektrik avtomobillərinin inkişafını dəstəkləyəcək infrastrukturlar artıq qurulub. "Azərişıq" və özəl sektor nümayəndələri tərəfindən bu sahədə infrastruktur layihələri həyata keçirilib. Bu şərait və imkanlar elektrikli avtomobillərin inkişaf tempini daha da sürətləndirəcək. Bütün bu addımlar, ölkəmizin avtomobil parkının modernləşdirilməsi, təmiz ətraf mühitin təmin edilməsi və yaşıl artım ölkəsi olma istiqamətində atılan mühüm addımlardır", - deyə Eyyub Əliyev qeyd etdi. 

Xədicə BAXIŞLI

Seçilən
24
3
redaktor.az

4Mənbələr