Məlum olduğu kimi, ABŞ prezident Donald Tramp administrasiyası dövründə ilk dəfə olaraq Rusiyaya sanksiyaları sərtləşdirib. Rusiyanın ən böyük “Rosneft” və “Lukoil” şirkətləri sanksiya siyahısına salınıb. Sanksiyalar “Rosneft” və “Lukoil”un təxminən 50 filial şirkətini də əhatələyir.
Oktyabrın əvvəllərində Böyük Britaniya da bu şirkətləri sanksiya siyahısına salmışdı. ABŞ-nin maliyyə naziri Skot Bessentin bəyanatında deyilir ki, sanksiyalar Rusiya Ukraynada sülh prosesi üçün “ciddi öhdəlik” götürmədiyinə görə tətbiq olunub: “Prezident Putin bu mənasız müharibəni bitirməkdən imtina etdiyindən Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən iki böyük neft şirkətinə sanksiyalar qoyur”. “The New York Times” yazır ki, hətta Co Bayden Rusiyadan enerji alan Amerika müttəfiqlərinə zərər verməmək üçün “Rosneft” və “Lukoil”a məhdudiyyətlər qoymaqdan çəkinib. Qəzetin mənbələrinə görə, sanksiyalar həqiqətən də böyükdür və Trampın Putindən məyusluğunun prinsipcə yeni səviyyəsini vurğulayır. Əvvəllər Ağ Ev rəhbəri yalnız əhəmiyyətli tədbirlər görməklə hədələyirdi, yalnız son anda fikrini dəyişdirib. Donald Trampın sözlərinə görə, Vaşinqton Rusiyanın sülhə doğru praktiki addımlar atmasını çox gözləyib və indi Moskvaya təzyiqi artırmağın vaxtı çatıb. Onu da qeyd edək ki, hələ bu ilin aprelində amerikalı senatorlar Lindsi Qrem və Riçard Blumental Rusiyada enerji resursları və xammal alan ölkələrə 500 faizlik tarifin tətbiqi barədə qanun layihəsi hazırlayıblar. Amma təşəbbüs prezident Donald Trampın münaqişəni nizamlamaq niyyəti barədə açıqlamalarından dolayı irəliləməyib. Oktyabrın 20-də senatda respublikaçıların lideri Con Tyun qanun layihəsinin müzakirələrinin Trampın Putinlə görüşünədək təxirə salındığını bildirib. Budapeştdə gözlənilən görüş təxirə salınıb. Ağ Evdən verilən açıqlamaya görə, Tramp yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşməyi planlaşdırmır. Oktyabrın 22-də Avropa İttifaqı üzvləri Rusiyaya 19-cu sanksiya paketini təsdiqləyiblər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dediyinə görə, yeni sanksiyalara Rusiya neftinin qiymət həddinin 60 dollardan 47.6 dollara salınması, “Mir” ödəniş sisteminə məhdudiyyətlər, “Rosneft” və “Gazprom neft” şirkətləri ilə əməliyyatlara qadağa və digər tədbirlər daxildir. Bu paket ABŞ-ın sanksiyaları sərtləşdirməsi ilə eyni vaxta düşür. Avropa ittifaqının xarici siyasət rəhbəri Kaya Kallas qeyd edib ki, bu, Atlantik okeanının hər iki tərəfindən Rusiyaya Ukraynadakı müharibəni bitirmək üçün göstərilən təzyiqin sübutudur. Sanksiyalarda 2027-ci ilə qədər Rusiyadan sıxılmış təbii qaz idxalına Aİ-də qadağa qoyulur. Daha öncə Aİ ölkələri Rusiyadan tam idxalın 2028-ci ilin yanvarın 1-dək dayandırmağa razılaşıblar. Bundan başqa, Rusiyanın rezidentlərinə kriptovalyuta xidmətləri təqdim edilməsinə qadağa, Şengen zonasındakı Rusiya diplomatlarına hərəkət məhdudiyyətləri tətbiq olunur. Həmçinin, “kölgə donanması” adlandırılan tankerlərin qara siyahısı genişləndirilib. Sanksiya siyahısına Rusiyanın və Orta Asiya ölkələrinin bir neçə bankı və kriptovalyuta birjası, eləcə də sanksiyalardan yayınmağa kömək etdikləri iddia olunan Çin və Hindistan şirkətləri salınıb. Ukrayna prezidenti Volodimir Zelenski Moskvaya təzyiqin gücləndirilməsini alqışlayıb, Ukraynanın sülh nizamlanması çərçivəsində Rusiyaya ərazi güzəştə getməyəcəyini bildirib.
Bütün bunlardan sonra “Lukoil” neft şirkəti xaricdəki aktivlərini satmaq niyyətini açıqlayıb. Səbəb ona qarşı beynəlxalq sanksiyalardır. Şirkətin açıqlamasına görə, satış ABŞ-ın icazəsi ilə həyata keçiriləcək. “Lukoil”un Cenevrədə qərargahı olan ticarət şirkəti, Rumıniya və Bolqarıstanda neft emalı zavodları, Niderlandda bir emal zavodunda payı, həmçinin Avropa İttifaqı ölkələrində, Gürcüstanda, Azərbaycanda və Balkanlarda ümumilikdə 2 min 500 yanacaqdoldurma məntəqəsi var. Şirkət İraqda qaz kəşfiyyatı və hasilatı müəssisəsinə malikdir, Qazaxıstan, Özbəkistan, Konqo və Meksikada hasilat layihələrində iştirak edir. Proseslər göstərri ki, “Lukoil” bu aktivlərdən, o cümlədən də Azərbaycandakı yanacaqdoldurma məntəqələrindən əl çəkməli olacaq. Düzdür, ABŞ və Böyük Britaniya “Lukoil”un Azərbaycandakı layihələrinə 2 illik güzəşt dövrü tanıyıblar. Amma bu müddətin hər an aradan qaldırlma ehtimalı da yüksəkdir. “Lukoil”un Azərbaycandakı aktivlərini isə SOCAR-ın alma ehtimalı da böyükdür. Məlumdur ki, Bolqarıstan Rusiyanın Ukraynaya təcavüzünü pislədiyindən, “Lukoil” 2023-cü ilin sonundan Bolqarıstandakı aktivləri üçün alıcı axtarır. Elə həmin vaxtlar da zavoda iddiaçılar sırasında SOCAR-ın adı hallanmağa başlayıb. Elə həmin vaxt Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov “Euronews” a bildirib ki, konkret təklif alınarsa, Bakı Bolqarıstandakı “Lukoil”in Burqas neft emalı zavodunu almağa hazırdır. Bu fonda şirkətin Azərbaycandakı aktivləri üçün də alıcı tapmaq çətin olamayacaq.
Ramil QULİYEV