İndiyədək ictimaiyyətə təqdim olunmamış, “Titanik”in birinci sinif sərnişini Frederik Sattona məxsus şəxsi əşyalar toplusu 100 min funt sterlinqdən artıq qiymətə satıla bilər.
Publika.az BBC-yə istinadla xəbər verir ki, arxiv noyabrın 22-də Britaniyanın Uiltşir qraflığında keçiriləcək hərracda satışa çıxarılacaq. Sənədlər arasında “Titanik”dən xilas edilən yeganə birinci sinif sərnişin siyahısı və “White Star Line” şirkətinin ailələrə göndərdiyi məktub da yer alır. Məktubda bildirilir ki, ailələr yaxınlarının cəsədlərini geri gətirmək üçün birinci dərəcəli qatar biletlərinin pulunu özləri ödəməlidirlər.
Hərracı təşkil edən şirkətin nümayəndəsi Endryu Oldrik bildirib ki, bu arxiv öz növü üzrə ən tam və nadir kolleksiyalardan biridir.
Frederik Satton Suffolk qraflığında anadan olub, ailəsi ilə birlikdə ABŞ-ın Nyu-Cersi ştatına köçərək daşınmaz əmlak biznesindən böyük sərvət qazanmışdı. 1912-ci ilin martında səhhəti ilə bağlı səbəblərə görə İngiltərəyə səfər edərək ABŞ-a “Titanik” gəmisi ilə qayıdırdı.