Son günlər ölkədə uşaqlar arasında səpki, qusma, ishal və halsızlıq kimi simptomlarla müşahidə olunan xəstəlik yayılıb. Bu, azyaşlıların səhhətində ciddi problemlər yaratmaqla yanaşı, onların dərs davamiyyətini də aşağı salıb.
Azreform.info xəbər verir ki, pediatr-infeksionist Aytən Ziyadova "Yeni Sabah"a açıqlamasında bildirib ki, son günlər klinikalara gətirilən uşaqlarda səpki, ishal, qusma və halsızlıq kimi əlamətlər daha çox müşahidə edilir.
"Valideynlər narahat olurlar ki, bu nə xəstəlikdir və niyə uzun çəkir? Bu əlamətlər əksər hallarda koksaki virusu ilə bağlı olur. Bu, enteroviruslar qrupuna aid infeksiyadır və əsasən 5 yaşa qədər uşaqlarda rast gəlinir. İlk günlərdə uşaqlarda boğaz ağrısı, yüngül qızdırma, halsızlıq və iştahasızlıq yaranır, bir neçə gün sonra isə ağızda xırda aftalar, əllərdə, ayaqlarda və bəzən bədəndə səpkilər əmələ gəlir. Bəzi uşaqlarda buna ishal və qusma da qoşulur".
Uşaqlar arasında virus yayılıb: Valideynlər nə etməlidirlər?
Həkimin sözlərinə görə, virus uşaqlara, əsasən, əllər, oyuncaq, qab-qacaq və ya tənəffüs yolları ilə keçir.
A.Ziyadova vurğulayıb ki, xəstəlik adətən 7-10 gün sürür: "Amma valideyn bilməlidir ki, uşaq kifayət qədər maye qəbul etmirsə, qusma və ishal çoxdursa, yaxud qızdırma 3 gündən artıq davam edirsə, mütləq həkimə müraciət etməlidirlər".
Onun sözlərinə görə, koksaki virusu adətən təhlükəli sayılmır, lakin nadir hallarda ürək əzələsinə və ya beyin qişasına təsir göstərə bilər:
"Ona görə də uşaqda güclü halsızlıq, boyun ağrısı və ya nəfəs darlığı yaranarsa, bu, təcili qiymətləndirilməlidir. Ən əsas məqam isə profilaktikadır: uşaqların əlləri tez-tez yuyulmalı, qablar və oyuncaqlar dezinfeksiya edilməlidir, xəstə uşaq tam sağalana qədər kollektivə göndərilməməlidir. Maye, istirahət və düzgün qidalanma sağalmanı sürətləndirir.
Övladları bu virusa yoluxan valideynlər panikaya düşməsinlər, amma diqqətli olsunlar. Koksaki virusu çox vaxt yüngül keçir, lakin düzgün qulluq uşağın rahat sağalmasını təmin edir".