AZ

Sənaye parklarının və məhəllələrinin aqrar bölməyə töhfəsi

Dünya təcrübəsi göstərir ki, sənaye parklarının və aqroparkların yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Buna görə də mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunması, innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının artırılması, yeni sənaye sahələrinin yaradılması, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər görülür.

Hazırda ölkəmizdə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur. Sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir. Xüsusi qeyd olunmalıdır ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dək ölkəsinə ixrac edilir. Qeyd edək ki, ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü ildə imzaladığı Fərmanla müəyyən edilib.

Oktyabrın 28-də Sabirabad və İmişli rayonlarına səfəri çərçivəsində Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində olub. Dövlətimizin başçısı buradakı “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub. “Humix” MMC ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub. İnvestisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib. Həmçinin ölkə başçısı Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 min ton arpa, 2 min ton buğda toxumu istehsalı gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə edilir.

Prezident İlham Əliyev “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə də tanış olub. 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan “Taşobası” MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

Göründüyü kimi, bu gün həm ölkənin daxili bazarını yerli məhsullarla zənginləşdirmək, həm də ixrac potensialını yüksəltmək Azərbaycan dövlətinin əsas iqtisadi prioritetidir. Məqsəd idxal səviyyəsini aşağı endirməklə ixrac səviyyəsini yüksəltməkdir ki, bu da ölkəmizə xarici valyuta axınını sürətləndirən mühüm amildir. Bunun üçün son 10 ildə Azərbaycan dövləti yeni və daha modern iqtisadi layihələrə başlayıb. Bu layihələrdən biri aqroparklardırsa, digəri də sənaye parkları və məhəllələridir. Bu yeni infrastrukturlar həm də qeyri-neft sənayesinin inkişafını sürətləndirən önəmli vasitədir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
32
2
ikisahil.az

10Mənbələr