Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nikotinsiz hesab edilən bəzi e-siqaret mayelərində belə, orqanizm üçün zərərli kimyəvi birləşmələr aşkar edilib. Bu maddələr nəfəs yollarının selikli qişasını zədələyir və xüsusilə gənclərdə tənəffüs problemlərinin yaranmasına yol açır. Dünya Səhiyyə Təşkilatının son hesabatında da qeyd olunub ki, elektron siqaretlərin istifadəsi son illərdə 13-17 yaş arası yeniyetmələr arasında sürətlə artıb və bu, gələcəkdə nikotin asılılığının artmasına gətirib çıxara bilər.
Həkimlər xəbərdarlıq edirlər ki, e-siqaretlərin "dumansız" olması onların zərərsiz olduğu anlamına gəlmir. Buxar ağciyərlərə daxil olduqda, orada oksidləşmə prosesi baş verir və hüceyrələrin zədələnməsi nəticəsində xroniki ağciyər xəstəlikləri formalaşa bilər. ABŞ və Avropada aparılan bir sıra tədqiqatlarda e-siqaret istifadəçilərində astma və bronxit hallarının artdığı da müşahidə olunub.
Mütəxəssislər hesab edirlər ki, siqareti tərgitmək istəyən insanlar üçün e-siqaret qısamüddətli keçid vasitəsi kimi istifadə oluna bilər, lakin bu, daimi vərdişə çevrilməməlidir. Onların fikrincə, siqaretdən uzaqlaşmağın ən effektiv yolu nikotinli məhsullardan tam imtina etmək və həkim nəzarəti altında alternativ terapiya üsullarına müraciət etməkdir.
Ümumilikdə, yeni araşdırmalar göstərir ki, elektron siqaretlər ənənəvi siqaretlərdən bir qədər fərqli olsa da, sağlamlıq üçün təhlükə potensialı baxımından onlardan az zərərli sayılmır. Həkimlər xüsusilə gənclərə bu vərdişdən uzaq durmağı və "zərərsiz buxar" anlayışına aldanmamağı tövsiyə edirlər.